Almaniyada “Uniklinika”da yenidən müalicəyə başlayan teleaparıcı Hacı Nuran Hüseynov reanimasiya şöbəsinə yerləşdirilib.
AzNews.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu haqda özü xəbər verib.
Ötən gün onu ziyarətə gedən müğənni Röya Ayxanla fotosunu paylaşan H.Nuran bunları yazıb:
“Artıq bir müddətdir ki, məni reanimasiya şöbəsinə yerləşdiriblər. Bir dəqiqə məni görmək üçün Bakıdan çox sevdiyim vəfalı dostum Röya gəlmişdi”.
Qeyd edək ki, H.Nuran bir neçə gün əvvəl səhhətinin daha da pisləşdiyini bildirmişdi:
“Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım”.
Xatırladaq ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə alan aparıcı fevralda Bakıya qayıtmışdı. Ötən ay Almaniyaya müayinəyə gedən Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub.