Hacı Məmmədovun cinayət işi yenilənə bilər

Hacı Məmmədovun cinayət işi yenilənə bilər

Bakıda çoxsaylı qətllər və adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin başçısı, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədov yeni vəkili ilə görüşüb.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə H.Məmmədovun vəkili məlumat verib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin xahişi ilə onunla görüşüb və H.Məmmədov barəsində olan cinayət işinin yenilənməsi ilə bağlı müzakirə aparıb. Vəkil H.Məmmədovla görüşdən sonra cinayət işinin yenilənməsi barədə aidiyyəti qurumlara müraciət edib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad ediləndən sonra H.Məmmədov işin yenidən araşdırılması və hazırda həbsdə olan Z.Nəsirovun azadlığa buraxılması üçün yeni vəkil tələb edib.

Xatırladaq ki, mütəşəkkil dəstənin bütün üzvləri və general Z.Nəsirov məhkəmə hökmündən sonra cəzaçəkmə müəssisələrinə köçürülsə də, H.Məmmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində saxlanlır.

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR