Əfsələddin Ağalarov
Hacı başqa şeydü, xalaoğlu. Hacı ağızdan çıxan sözdü, hacı qaşdı, hacı gözdü. Hacı bizim başımızın tacı, gözümüzün bəbəyidi…
Kim idi, xalaoğlu, o gün Hacı haqqında boş-boş danışan? Danışırmış ki, guya 5 arvad saxlayır, qara-qura işlərlə məşğuldu. Elə bir hacımı var bizdə? Yalan, şər yayır o kafirlər.
Yalandan orada-burada danışırlar, Yavər. Guya bizim bəzi hacılar “maşennik”di, ona-buna hacı adından istifadə edib pul atır. Guya bizim hacıların bəziləri məclislərdə altdan araq içir, qəlyanxanalarda masanın üstündə dollarla rahladığı ağartını bir burnunu qapadıb “hup” deyə beyninə çəkir. Guya bizim hacılardan bəziləri bığını sığallaya-sığallaya ondan mədət uman gəlinlərin sinəsinə baxıb zövq alırlar. Yalandı atam. İnanma. Dedim axı, həci başqa şeydü.
Heç bilirsənmi, bizim bəzi həcilər VİP-lə gedib ziyarətə gəlirlər? Harada var belə özünəbaxan, öz rahatlığını güdən, komfort vurğunu insanlar. Ancaq bizdə var e onlardan, xalaoğlu. Allahın evinə VİP-lə uçurlar.
Gəl sənə bir sirr açım. Qulağını yaxın tut. Bizdə 26 dəfə ziyarətdə olan deputat hacı var. Gör bir dəfə ağzını açıb deyir ki, mən 26 dəfə olmuşam müqəddəs məkanda? Heç vaxt deməz. O gün Milli Məclisdə nə qədər sıxma-boğmaya saldılar, demədi. Axı həci etdiyi əməlləri gizli saxlmalıdır, Yavər. Atam, sən də heç kimə demə. Birdən eşidən olar, bilən olar. Gizli saxla belə söhbətləri.
Şeytan əməlindən uzaq qaçır bizim bəzi həcilər. Bəziləri nə “facebook”a girir, nə o andıra qalmış “instagram” bilir. Hansı başıboş o gün deyib ki, guya bir ağsaqqal hacı “facebook”da porno videonu açıb baxırmış. Sonra bilindi ki, bu, virus imiş. Onu açan kimi dostluğunda olan digərlərinə də xəbər çatıb ki, həci filankəs kəhər atı ilə sarışın qızın bu videosuna baxmaq üçün səni də dəvət etdi. Yalandı. Şərdi, böhtandı. Allah bilir, Yavər, həci elə şey eləməz. Zinadı e o, zina. Zinakar deyil həci.
Güldürmək lazımdır bizim insanları. Çox yorulublar elə bil. Bir az gülsünlər belə şeylərə, xalaoğlu. Onsuz da biz həcilər gələndə həmişə başda otuzdururlar. Onsuz da bizdən yaxşını-pisi məsləhət alırlar. O gün yasda görürəm ki, kəlməyi şəhadəti bilməyən, Hacca getmək adı ilə ondan bundan borc alıb Bakıya Dubaydan “kalqotka” vuran hacı qonşumuz oturub yasda mollanın yanında. Elə hey namus-qeyrətdən danışır. Deyir ki, qızlarınızı abırlı geyindirin məhəllənin bığı təzə tərləyən, qoltuğu tüklənən oğlanları var.. Səməd kişi də yaxşıca cavabını verdi. Dedi, ay hacı, axı sənin böyük qızın elə hamımızınkından daha biədəb geyinir. Hacı nə cavab versə yaxşıdı, Yavər? Dedi, Səməd kişi, insafnan danış mənim qızıma yaraşır axı. Elə bunu demişdi ki, mağarda hamı gülüşməyə başladı.
Hə xalaoğlu, sözümün canı odu. Bambaşqa hacılarımız var. Həci ürəkdi, bunu bil sən, başqaları onsuz da bilir.