Gözlə gözəl...

Gözlə gözəl...

Beynində hər şey qarışırdı. Ağrının haradan və niyə başladığını bilmirdi. Bu gün gözü ağrıyırdı, sabah başı. Birdən yadına düşdü: "Əl mərddi, göz namərd!” Bu gün mərd olan elə gözüydü. Namərdliyi özü etmişdi. 

Xatirə bu gün yadına salmışdı: "Sən ilk vaxtlar deyirdin, hər gün sənə gül gətirəcəm. Amma indi dayımın bağına gedəndən-gedənə gül dərib verirsən...” 

Xatirə dünən onun yadına salmışdı: "Sən təbəssümünü əskik etmirdin ki, gülüş payım qıt olmasın, ayrısına möhtac olmayım. Zəhrimar yağır sifətindən...” 

Xatirə bir həftə qabaq qaxınc etmişdi: "Sənə qayğını əsirgəmərəm ki, gözlərin səni satar, naməhrəmlər duyuq düşər! Aylardı heç maraqlanmırsan nə istəyirəm...”

Xatirə ucundan tutub ucuzluğa gedə-gedə, gözündən düşən sevgisini daha da gözdən salır, ucuzlaşdırırdı. Elə bil sarmaş-dolaş anlarda əzizləşən, şirinləşən sevginin sahibi bunlar deyildi. 

Yasinin, elə bil, qulağına deyildi deyilənlər. Hətta birdən eşitdiklərinə inanmayanda da, vecinə olmadı: "Belə biqeyrət sevgi sənin nəyinə lazım?” 

Sevginin biqeyrət olmağını Xatirə özü də ağlına və ağzına gələni deyəndən sonra bildi. 

Sevginin biqeyrətliyindən üşüdü Xatirə. 

Sevgisinin gününə ağladı-sıtqadı. İçin-için çəkdi bütün xoş anları qaysaq bağlamış ağrılarının üstünə. Belə biqeyrət sevgini görməyə gözü yoxdu daha. 

Yasin qapıdan çıxanda Xatirə lap ilk görüşdəki kimi sevgi dolu səslə, abır-həyayla dilləndi ki: "Gələndə göz alarsan...” 

Yasin illərlə sevgisizləşən, codlaşan, adamqaçıran səsin əvəzinə, indi, ANİ VƏ ƏBƏDİ sevgini duyanda ayaq saxladı, qanrıldı: "Nə göz, ölöm?” "Ölöm” də elə illərin o tayında ölüb qalmış əzizləməydi, müraciətiydi, qəfil məhrəmlikdən doğuldu yenidən. 

"Dana gözü... Həkim tapşırıb”. – yenə indiki qaba istək... 

"Oldu!” – yenə indiki narazı razılıq.

Yasin gün ərzində vərəvürd elədi ki, görəsən Xatirə bunun özünə biqeyrət deyir, eyham vurur, qıcıqlandırır, qısqandırmaq istəyir, yoxsa, doğrudan da, sevgisinə biqeyrət deyir. Xatirənin indi daha əziz olmayan xatirəsinə kölgə salmaq istəməsə də, özünün qeyrətinə bir balaca şübhəylə yanaşa bildi. 

Xatirə elə bil şəhərin səsyazma studiyalarının dükanlarına da indiki şou-biznesin dadsız-duzsuz müğənniləri kimi, "raskrutka” eləməyə üç yüz-beş yüz dollar vermişdi, hamı eyni mahnını oxudurdu: "Mən nərdə yanlış yapdım?”. 

Ayıldı Yasin! Ayıldı. Ayılan kimi başı ağrıdı, ayağı tutuldu, dalağı sancdı, mədəsi qan qusdu, boğazı qurudu, dili tutuldu. 

Anladı! O... Xatirəni gözüylə sevmişdi. Gözüylə gözəl görmüşdü. Gözü, doğrudan da, namərd çıxmışdı – belə fikirləşirdi və elə də bilirdi ki, doğru fikirləşib, doğru tapıb. Daha doğrusu, günahı gözündə görürdü. 

Göz də təslim olmurdu. Dilini, ürəyini, başını, hər yerini ağrıdırdı – davadaydı onlarla. 

Nəhayət, Yasin də, ürəyi də, ağlı da, hər yeri də təslim oldu gözə. Göz düz deyirdi. 

Xatirə gözün gözündə hələ də gözəl idi! 

Xatirə gözdə gözəl idi, gözlə gözəl idi. Amma Yasin və Yasinin üstündə, içində gəzdirdikləri xəyanət eləmişdi. 

Yasinə day maraqlı deyildi Xatirə onun özünə, ya sevgisinə biqeyrət dedi. 

Day maraqlı deyildi, əgər o dana gözü aparsaydı bu gün, Xatirə onun camış gönünə dönmüş dərisini odlamaq üçün nə deyəcəkdi.

Birbaş oftalmologiya institutuna getdi. Gözlərini çıxartdırmaq istədiyini bildirdı: "Xanımıma donorluq edirəm. Mən ona "gözüm” deyirdim. O, indi görmür. Gözlərimi ona verirəm”.

Pafoslu görünsə də, Yasinin istəyinin gerçəkliyi, sənədləşdirməni rəsmən aparması nəhayətdə nəzərə alındı. Amma şərti vardı: gözü dondurulmuş halda evinə - xanımına göndəriləcək. Harada istəsə, orada əməliyyat olunacaq. 

Bir az çəkdi proses. Hər şey hazır olanda, Yasin göz soyuducusunun gözünə balaca bir qeyd yazdı, qoydu.

...Kuryer soyuducunu ünvana çatdıranda, Xatirə son sözlərini yazırdı: "Sənin gözəl gözlərini sevdim. Mənə baxmayıb ayrısını seçən gözlərinə baxmayım deyə, dana gözü istədim. Qəbrimdə yanmayım. Neçə gündür gəlmirsən də. Göylərdə görüşənədək”.

Xatirə səsə çıxdı:

"Yasinin xanımı sizsiniz?”

"Bəli!”

"Yasin sizin üçün göz göndərib.”

"Dana gözü? Özü hansı cəhənnəmdədi bu neçə gündə?”

"Bilmirik. Amma burdakı adam gözüdü”.

Xatirə bir balaca sıxıldı, söhbəti tutammadı əvvəl. Kuryerin rəsmiyyəti onu açmırdı. Onsuz da o halda deyildi. Sakitcə soyuducunu qəbul edib, qol çəkdi və gözlərə baxmaq üçün otağa keçdi. Gözləri görməzdən öncə, qeydi gördü: "Sənə sadiq gözlərim oldu. Göndərdim sənə. Sənə xəyanət edən nəyim vardısa, dəfn etdim!”

***

Xatirənin başdaşısında yazılmışdı: "Gözlə gözəl” 

Yanında... qonşu qəbirdə isə ona daha baxa bilməyən Yasin idi! Elə onun da başdaşısında yazılmışdı: "Gözlə gözəl”

***

Hər iki başdaşının lap aşağı sol küncündə qeyd vardı: "Dəfn bürosundan”.

kulis.az

Xəbər 5894 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR