Göygöldə marketdən oğurluq edən şəxslər saxlanılıb.
Aktual.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Naxçıvandan olan həmin şəxslər marketdən 16 min manatdan çox nağd pul, 2 min manat dəyərində müxtəlif danışıq kartları oğurlamaqda şübhəli bilinirlər.
Ötən il dekabrın 20-dən 21-nə keçən gecə Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən marketlərdən birindən oğurluq edilib. Obyekt sahibi isə oğurluqdan səhər saatlarında xəbər tutub. Marketi açmağa gələn sahibkar seyfdə olan külli miqdarda nağd pul və müxtəlif danışıq kartlarının oğurlandığını görüb.
Dərhal hadisə yerinə cəlb olunan asayiş keşikçiləri ilkin istintaq-əməliyyat tədbirlərinə başlayıb. Göygöl rayon Polis şöbəsi və Naxçıvan Muxtar Repsublikası Daxili İşlər Nazirliyi əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan sakinləri 22 yaşlı Sultan Sultanlı və onun həmyaşıdı Asim İsmayılov saxlanılıb.
Saxlanılan hər iki gənc törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, marketə damdan daxil olublar. Seyfi isə özləri ilə götürdükləri dəmir parçası ilə açıblar. Əldə etdikləri pulla Gürcüstanda bir neçə gün istirahət etdikdən sonra ölkəyə qayıdıblar.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, istintaq aparılır.
Aktual.az