Noyabrın 7-də Göyçay rayonunda 10-cu dəfə Nar bayramı keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin 15-ə yaxın deputatı, xarici ölkələrin Azərbaycandakı səfirləri, diaspor nümayəndələri, beynəlxalq təşkilat əməkdaşları, iş adamları, ümumilikdə 15 minə yaxın insan iştirak edib. Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış ediblər.
Bildirilib ki, prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə 2006-cı ilin noyabrından başlayaraq, hər il Göyçayda Nar bayramı keçirilir. Nazir müavini qeyd edib ki, Azərbaycanda mövcud olan nar bağlarının 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür.
Məlumat verilib ki, narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayda bağlara göstərilən yüksək aqrotexniki qulluq və havaların əlverişli keçməsi bol məhsulun yetişməsinə səbəb olub. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 47 min tona yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 45 min tondan artıq nar tədarük ediblər.
Məhsulun 50 faizi Rusiya, Ukrayna və Gürcüstanın bazarlarına çıxarılır. Göyçayda narçılığa olan maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması istiqamətində tədbirlər görülür. Son iki ildə rayonda 110 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən, "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortları əkilib. Nar emalı müəssisələri isə ilbəil istehsal imkanlarını genişləndirir, yerli və xarici bazara müxtəlif çeşiddə məhsul çıxarırlar. “AzNar” zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda rayonda 3920 hektardan artıq sahədə nar bağı var.
Nar Azərbaycan, İran, Hindistan, Türkiyə, Özbəkistan, ABŞ və Latın Amerikası ölkələrində becərilsə də, Göyçay yeganə rayondur ki, burada narın 67 sortu yetişir.
Sonra iştirakçılar tədbirin keçirildiyi Heydər Əliyev parkında təşkil olunan sərgi stollarına yaxınlaşaraq isti təndir çörəyinə, müxtəlif sortdan olan narlara və onlardan hazırlanan məhsullara, eləcə də motal pendiri, yuxa, kətə və döşəməli plova, müxtəlif şirniyyatlara qonaq olublar. Tədbirdə qonaqlar əl ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxıblar, müxtəlif sort nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar. Heydər Əliyev parkında rəmzi olaraq nar ağacları əkilib. Festivalda nara həsr olunan şeir və mahnılar səsləndirilib.