Gürcüstan və Ermənistanın "mavi"ləri - Araşdırma

Gürcüstan və Ermənistanın
  • DÜNYA

Mika Artyan bir neçə il bundan əvvəl Ermənistanı tərk edərək Londona gəlib. Tibb təhsili alsa da, insan haqları ilə hər zaman maraqlandığını deyir.

Aktual.az "BBC Azərbaycan"a istinadən bildirir ki, Artyan hazırda insan haqları və LGBT mövzusunda yazan bloqer kimi tanınır.


Onun sözlərinə görə, 2012-ci ildə Yerevanda geylərin toplaşdığı barın partladılması və küçə yürüşünə hücumlar Ermənistandakı LGBT-nin həyatında dönüş nöqtəsi olub.

"Bu hadisələrdən sonra tanınmış şəxslərin və hakimiyyətdə olan rejimin, medianın himayəsilə homofobiya püskürməsi nəticəsində vəziyyət daha da pisləşib", - Artyan bildirir.

Ermənistan Qafqazda LGBT hüquqlarının qorunması üzrə BMT cinsi oriyentasiya və gender kimliyi bəyannaməsini təsdiq etmiş (2008-ci ildə) ilk ölkədir. 2003-cü ildən bəri isə Ermənistanda homoseksuallıq qanunidir.
Buna baxmayaraq, İLGA-Europe LGBT təşkilatının illik hesabatına görə, Ermənistan LGBT haqlarının vəziyyətinə görə 49 Avropa ölkəsi arasında 46-cı yerdədir. 
Bu mənada Gürcüstan bir xeyli öndədir. LGBT haqlarına münasibətə görə 35.80 faiz xal toplamış Gürcüstan siyahıda 22-cidir.
Gürcüstan keçmiş Sovet məkanında LGBT-yə qarşı diskriminasiyanı qanunla qadağan etmiş azsaylı ölkələrdən biridir. Hətta ölkənin keçmiş baş naziri Bidzina İvanişvili bu mövzuda çıxış edərək: "Cinsi azlıqlar ölkənin bərabər hüquqlu vətəndaşlarıdır və cəmiyyət yavaş-yavaş buna vərdiş edəcək", - deyib.

Ermənistan

Yerevanda fəaliyyət göstərən PİNK Armenia təşkilatının sədri Mamikon Hovsepyanın sözlərinə görə, Ermənistan cəmiyyətində homofobiya hökm sürür.
"Dövlət və kilsənin homofobiyanı dəstəkləyərək nifrət yaydığı belə kiçik cəmiyyətdə gey olmaq çox çətindir", - Hovsepyan deyir.
Buna baxmayaraq, onun sözlərinə görə, Ermənistanda hazırda təxminən 10 LGBT təşkilatı fəaliyyət göstərir.


"Lakin yalnız 2-3 təşkilat açıq şəkildə fəaliyyət göstərə bilir və buna səbəb də cəmiyyətdəki qorxudur", - Hovsepyan bildirir.
Mamikon Hovsepyanın sözlərinə görə, Yerevanda geylərin toplaşdığı bir neçə yer olsa da o, özünü o cür yerlərdə rahat və təhlükəsiz hiss etmədiyindən daha çox boş vaxtını evdə və ya daha az adamın olduğu yerlərdə keçirməyə üstünlük verir.
O, ailəsinin onun dəyişəcəyinə hələ də ümid etdiyini, əksər qohumlarından isə uzaq gəzdiyini deyir.
Hovsepyan LGBT mövzusunda ölkədə heç bir maarifləndirmənin olmadığını, əvəzində isə medianın nifrət və aqressiya yaydığını söyləyir.
Hazırda Ermənistanda yaşayan feminist bloqer Karine Ağacanyanın sözlərinə görə, "Ermənistanda da, dünyanın əksər yerlərində olduğu kimi, LGBT-nin vəziyyəti dözülməzdir".
"Ölkədə seks təhsili yoxdur. Bu, homoseksuallara qarşı tolerantlığın yaranması yolunda çox gərəkli ola bilər", - Ağacanyan deyir.
O deyir ki, ölkədə, "geyləri yandırın" və ya "21-ci əsrin əxlaqsızları" kimi zorakı ittihamlar hökm sürür.
Onun sözlərinə görə, ailəsi həyat tərzi və seçimini həmişə dəstəkləyib. "Mən həmçinin anamla birgə müxtəlif sülh və qadın haqları layihələrini həyata keçirirəm".


Ağacanyan azlıqların hüquqlarına hörmətin sülh üçün ən vacib komponentlərdən biri olduğuna inanır.
Mika Artyan Ermənistanda LGBT-nin əsas problemi kimi "Sovet mirası" ilə yanaşı, "maço mentaliteti"nin də rolunu qeyd edir.

"Digər bir problem isə iqtisadi azadlığın olmamasıdır. Ermənistanda bir çox LGBT ailəsinin dəstəyindən asılıdır", - Artyan deyir.
Onun sözlərinə görə, Qafqazda Gürcüstan LGBT haqlarının qorunması və tolerantlıq mövzusunda digər iki ölkədən daha qabaqdadır.
"Cənubi Qafqazda Ermənistan bu mənada ortadadır. Azərbaycanda isə vətəndaş cəmiyyətinə qarşı dövlət səviyyəsində təzyiqlər həyata keçirilir və bu kontekstdə LGBT hüquqları da qorunmur", - Artyan bildirir.

LGBT fəalı olan Vardan Hambarsumyan isə Qafqazdakı LGBT təşkilatlarının əməkdaşlığının sülh üçün əsas ola biləcəyini düşünür.

"Mən LGBT nümayəndələrinin regiona sülh gətirəcəyini deyə bilmərəm. Lakin Ermənistan LGBT-ləri ilə digər Qafqaz LGBT-ləri arasında müəyyən əməkdaşlığın olduğunu bilirəm. Bu əməkdaşlıqlar sülh quruculuğunun təməli ola bilər", - Hambarsumyan deyir.
Ermənistanın BMT-dəki səfiri Vahram Kazhoyan "BMT Azad və Bərabər" kampaniyasına qoşularaq bütün dünyada homoseksualların hüquqlarının qorunması üçün çağırış edib. Ermənistanda "gey təşviqatını qadağan edən qanun" layihəsi müzakirəyə çıxarılsa da, 2013-cü ildə geri götürülüb.

Gürcüstan

LGBT haqlarının müdafiəsilə bağlı Gürcüstanda təxminən üç təşkilatın fəaliyyət göstərdiyi bildirilir.
Giorgi Kikinoşvili Gürcüstanda tanınmış LGBT fəallarından biridir. O, gey olduğunu açıq şəkildə bildirməkdən çəkinmir və hətta oğlan dostunu ailəsinə də təqdim edib.
"Ailəm, qohumlarım, dostlarım və hətta iş yoldaşlarım məni bu cür qəbul edirlər. Onların hamısı oğlan dostumu da tanıyır və onunla dostluq edirlər", - Kikinoşvili deyir.


"Liberali Magazine"də onun oğlan dostu ilə Tbilisidəki həyatına dair yazı da dərc edilib.
Kikinoşvilinin sözlərinə görə, gürcü cəmiyyətindəki homofobiyanın kökündə Pravoslav Kilsəsinin təsiri dayanır. "Kilsə davamlı olaraq homoseksuallığı lənətləyir və onu "əxlaqsız Qərb mədəniyyəti" kimi təqdim edir".
O, bir çox homoseksualların ailələri tərəfindən döyüldüyünü, hədə-qorxuya və psixoloji təzyiqlərə məruz qaldığını deyir. "Ümumiyyətlə, cəmiyyətdəki münasibət əsasən homofobikdir. Lakin ictimai rəy sorğularına görə, bu münasibət hər il dəyişir və cəmiyyət get-gedə daha az homofobik olmağa başlayır. Əminəm ki, bu tendensiya davam edəcək", - Kikinoşvili deyir.

Tbilsidə geylərin toplaşa bildiyi klublar və LGBT mövzusunda müxtəlif tədbirlərin keçirildiyi məkanlar mövcuddur. Hətta universitetlərdə də bu mövzuda mühazirələr və konfranslar keçirilir.
Lakin Kikinoşvili deyir ki, küçədə keçirilən LGBT tədbirləri ilə bağlı problem mövcuddur. Tbilisidə indiyə qədər bir neçə LGBT küçə yürüşü həyata keçirilsə də, 2013-cü ildə yürüş zamanı minlərlə anti-gey etirazçı yürüş iştirakçılarına hücum edərək bir neçə nəfərin xəsarət almasına səbəb olmuşdu.
2015-ci il may ayında baş tutmuş küçə yürüşü isə hökumət və polisin mühafizəsilə heç bir insident olmadan baş tutub.
İrakli Vaçanadze Tbilisidə doğulub. O, Budapeştdə Gender Tədqiqatları sahəsində magistr təhsili alıb, yerli və xarici universitetlərdə məruzəçi olub.


Sonradan LGBT hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən və Gürcüstanda ən böyük LGBT təşkilatı sayılan İdentoba (Kimlik) təşkilatını təsis etdiyi üçün doktorantura təhsilini yarımçıq qoymalı olub.
Vaçanadze deyir ki, ali təhsilli olması və LGBT hüquqlarının müdafiəsilə məşğul olması onun özünü müdafiəsinə də kömək edib. "Lakin təəssüf ki, hər kəsdə bu cür deyil. LGBT üzvləri, xüsusən də 90-cı illərdə çox çətinliklər yaşayıblar və ən çox da orta məktəblərdə təkbaşına digərlərinin təzyiq və zorakılığına məruz qalırlar", - Vaçanadze deyir.

O deyir ki, bütün bu çətinlikləri aşmağı bacarsa da, həyatında silinməz izlər qalıb.
Vaçanadzenin sözlərinə görə, gürcü cəmiyyətinin cinsi azlıqlara qarşı dözümsüzlüyünün kökündə mədəni kimlik dayanır. O da homofobiyanın əsas səbəblərdən biri kimi Pravoslav Kilsəsinin rolunu qeyd edir və bildirir ki, kilsə "açıq şəkildə Rusiyanı dəstəkləyir" və homofobiya "Rusiya ədəbiyyatı və Putin rejimi tərəfindən təbliğ edilir".

"Mən inanıram ki, bir çox insan bizim yoxa çıxmağımızı arzulayır. Bu zaman əksəriyyətin özünü təhlükəsiz hiss edəcəyini düşünür və bizə görə özlərini narahat hiss edirlər", - Vaçanadze deyir.
O, gördükləri xeyirxah işlərin də "mövcud nifrət" üzündən əksəriyyətin gözünə görünmədiyini deyir.
"Biz Tbilisidə evsiz insanların müdafiəsinə qalxmışdıq. Bir dostumuzun mənzilində onlara qalmağa yer təklif edirdik. Qonşular isə homoseksual olduğumuz üçün buna mənəvi haqqımızın olmadığını və sığınacaq açacağımız təqdirdə bizə hücum edəcəklərini bildirirdilər", - fəal deyir.
Vaçanadze, təşkilatının Kutaisi və Batumidə də ofislərinin olmasına baxmayaraq, Tbilisidən kənarda LGBT sahəsində fəaliyyətin çox təhlükəli olduğunu bildirir.
Onun sözlərinə görə, hökumət və polis Qərbə yaxşı görünmək üçün LGBT haqlarının qorunması istiqamətində bəyanatlar versə də, əslində ölkədəki homoseksualların problemlərinə tamamilə göz yumurlar.

"Bir neçə rəsmi şəxs açıq şəkildə homofob olduğunu nümayiş etdirib və bir neçə halda rəsmilər tərəfindən bizə hücumlar da olub", - Vaçanadze deyir.
LGBT fəalı olan Beka Qabadadze isə Gürcüstan mediasının "qatı homofob" olduğunu bildirir.
O deyir ki, Gürcüstanda demokratiya çiçəklənməkdə olsa da, problemlər qalmaqdadır. "Gürcüstan çox patriarxal cəmiyyətdir və LGBT nümayəndələri üçün həyat çox çətindir".


Qabadadzenin sözlərinə görə, homoseksualların öz aralarında da nifrət hökm sürür. "Bir çoxu gey olduqlarını açıq bildirən şəxslərə qarşı çıxırlar. Gürcüstanda homoseksual olduğunu açıq şəkildə bildirən təxminən 10 nəfər insan var və onlar da fəallardır", - LGBT fəalı bildirir.

Beka Qabadadze Gürcüstan, Azərbaycan və Ermənistandan olan bir neçə homoseksual cütlüyü və Cənubi Qafqazda açıq fikirli bir sıra LGBT nümayəndəsini tanıdığını bildirir. "Bir gün bu insanlar öz ölkələrinin liderlərinə çevrilsələr, bölgədə dəyişiklik baş verəcək və sülh olacaq. Lakin indi hamımız homofob cəmiyyətlərdə yaşayırıq", - Qabadadze deyir.
Gürcüstan hökuməti ötən il iki illik Milli İnsan Haqları Fəaliyyət Planını dərc edib. Fəaliyyət planı "homofobik və transfobik ayrı-seçkiliklə mübarizədən" bəhs edir və hüquq mühafizə orqanlarının təlimini tövsiyyə edir.

 
Xəbər 790 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR