Müasir dünya siyasətində karbo-hidrogen resursları öz ölkəsinə daha çox cəlb edən dövlət həm güclü, həm də əhalisinin sosial-rifah halının yüksəldilməsi istiqamətində böyük üstünlüyə malikdir.
Son dövlər dünyada baş verən proseslər birbaşa bu amillərlə bağlıdır. Yəni, kim daha çox qaz və neft əldə edə bilirsə, güclüdür və sözünü qəbul etdirə bilir. Bu baxımdan Azərbaycan da regionun əsas söz sahibidir. Təbii ki, bu baxımdan ölkəmizə qısqanclıqla yanaşan kənar qüvvələr var. Gürcüstan alternativ qaz mənbələri axtarışları da bu qəbildən hesab oluna bilər.
Təsadüfi deyil ki, artıq Gürcüstan Azərbaycandan olan qaz asılılığını azaltmaq üçün İran və Rusiya ilə danışıqlar aparır. Bir neçə gün öncə Gürcüstanın energetika naziri Kaxa Kaladze bunu açıq şəkildə bəyan edib: “Gürcüstanın kommersiya müəssisələri istəsələr “Qazprom”la anlaşıb qaz ala bilərlər”.
O, rəsmi Tiflisin bu mövqeyini istənilən inkişaf etmiş ölkənin enerji mənbələrini diversifikasiya etməyə çalışması ilə əlaqələndirib.
K. Kaladze deyib ki, Gürcüstanın qazla təchizatında əsas pay Azərbaycana aiddir: “Lakin biz təchizat mənbələrimizi diversifikasiya etməliyik. Bu məqsədlə İran və Rusiya ilə danışıqlar aparırıq”.
Rəsmi Tiflisin bu mövqeyi təbii ki, Azərbaycan tərəfində də birmənalı qarşılanmayıb. Bu səbəbdən də Gürcüstanın baş nazir İrakli Qaribaşvili Azərbaycana qəfil səfər edib, prezident İlham Əliyevlə üç saatlıq danışıq apardı.
Gürcüstanın XİN rəhbəri Giorgi Kvirikaşvilinin də ölkəmizə səfəri bu qəbldən idi. İstisna deyil ki, Azərbaycan rəsmiləri ilə keçirilən görüşdə qaz problemi yenidən müzakirə olunub. Həmçinin Azərbaycan prezidentinin gələn ay Gürcüstana səfəri zamanı da bu məsələnin müzakirə olunacağı gözlənilir. Ardıcıl şəkildə iki qoşu və müttəfiq dövlətin arasında yaranan narazılıq vəziyyətin ciddiliyindən xəbər verir. Yəni, Gürcüstanın Rusiya və İranla yaxınlaşması regionda balans nisbətini poza bilər.
Ancaq, politoloq Fikrət Sadıqov hesab edir ki, Gürcüstanın hansı dövlətlə yaxınlıq etməsi Azərbaycanı narahat etməməlidir: “Gürcüstan-Rusiya münasibətlərinin yaxın gələckdə inkişafının olacağı müşahidə olunmur. Çünki, bu ölkələr arasında çox mürəkkəb problemlər var. 2008-ci ilin avqust ayında Rusiya hərbi maşını Gürcüstanın yarısını – Cənubi Osetiya və Abxaziyanı işğal edib. Bu müharibə zamanı gürcülər çoxlu itki veriblər. Doğrudur, bu hadisələr Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dövründə olub. Amma inanmıram ki, yeni hökumətlə bu məsələ asanlıqla həll olunsun.
Düzdür, Rusiya və Gürcüstanda sağlam düşüncəli siyasətçilər başa düşür ki, münasibətlər praqmatik şəkildə inkişaf etməlidir. Yəni, ikitərəfli maraqlara cavab verən formatda. Burada ilk növbədə iqtisadi münasibətlər, layihələr gündəmdədir. Lakin diplomatik münasibətlər hələlik bərpa olunmayıb. Düşünmürəm ki, bu yaxınlarda mümkün olsun. Eyni zamanda hesab edirəm ki, Gürcüstanla Rusiya münasibətlərinin yaxşılaşması Azərbaycanın maraqlarına təsir etmir. Azərbaycan kifayət qədər regionda güclü dövlətə çevrilib. Ona görə də kimin kimlə yaxınlaşması Azərbaycanı qorxuzmamalıdır”. - deyə F. Sadıqov vurğulayıb.
Politoloq hesab edir ki, Gürcüstanın Rusiyadan qaz alması, Azərbaycan qazından imtina etməsi demək deyil: “Azərbaycan qazını xaricə ixrac etmək üçün Gürcüstan ərazisindən tranzit ölkə kimi istifadə edir. Amma eyni zamanda yaddan çıxarmayaq ki, Gürcüstan Azərbaycandan güzəştli qiymətlərlə qaz alır”.
“Hazırda dünyada belə bir vəziyyət yaranıb ki, heç kim heç vaxt əlavə qazdan imtina etmək fikrində deyil. Çünki, qaz elə bir mənbədir ki, xalqın sosial-iqtisadi rifah halı ondan asılıdır. Gürcüstan tərəfi başa düşür ki, Rusiyadan qaz alsa ikitərəfli münasibətlərdə həmişə siyasi amil dura bilər. Siyasi amil isə ondan ibarətdir ki, yaxın gələcəkdə Rusiya ilə Gürcüstan heç vaxt müttəfiq olmayacaqlar. Lakin, Gürcüstan Azərbaycanla müttəfiqdir. Bu müttəfiqlik təbii ki, Azərbaycanla münasibətləri yaxşılaşdırmaq baxımından siyasi əsasdır. Ancaq Gürcüstan Rusiyadan qaz alsa, o öz qazının ixracını hər an dayandıra bilər. Buna Ukrayna bariz nümunədir”.