"Günəşli" yatağındakı 10 saylı özüldəki qaz quyularından birində yanğın söndürülüb.
Aktual.az Report-a istinadən bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Günəşli" neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, ərazidən kənarlaşdırılması, eləcə də fontana qarşı mübarizə qrupunun quyular ətrafında sərbəst işləməsi üçün müvafiq strukturlar tərəfindən fasiləsiz tədbirlər həyata keçirilib, yararsız vəziyyətə düşmüş quyuağzı avadanlıqlar kəsilərək çıxarılıb, yeni avadanlıqlar quraşdırıldıqdan sonra platformanın üzərindən quraşdırılmış aqreqatlar vasitəsi ilə sözügedən quyuya su vurulub: "Yanğınsöndürənlərin, eləcə də "Azneft" İstehsalat Birliyinin müvafiq strukturlarının əməkdaşlarının gərgin səyləri nəticəsində yanvarın 16-da qaz quyularının ən təhlükəlisində yanğını söndürmək mümkün olub.
SOCAR-da bildirilib ki, 2015-ci il dekabrın 4-də "Günəşli" neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yaranmış yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.