"Günəşli"də aparılan müşahidələrin nəticələri açıqlandı


"Günəşli" yatağında baş vermiş qəzanın ətraf mühitə təsirinin öyrənilməsi məqsədi ilə Ekspedisiya Qrupu müşahidələri davam etdirir.


Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsindən sonra ətraf mühitə mümkün təsirlərin öyrənilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirinin göstərişi əsasında yaradılmış ekspedisiya qrupu mütəmadi olaraq müşahidələr aparır, sudan və havadan müvafiq koordinatlar üzrə nümunələr götürür.
Aparılmış müşahidələr zamanı özül ətrafında qırıq-qırıq, kiçik ölçülü, davamsız parıltılı ləkələr müşahidə edilib ki, bu da əsasən neft yox, kondensat qalıqlarıdır. Bu kondensat qalıqları ən yüngül fraksiyalardan ibarət olduğu üçün qısa zamanda buxarlanır və buna görə də su səthinə, sualtı bioloji həyata ziyanı minimum həddədir. Həmin ləkələrdən götürülmüş su nümunələrinin üzərində aparılmış fiziki, fiziki-kimyəvi, ekotoksikoloji və biokimyəvi analizlər aparılır. Neft məhsullarının qatılığının normadan nisbətən çox olduğu (norma 0,05 mq/l, faktiki 0,11 mq/l) müəyyən edilib ki, bu da baş vermiş qəzanın həcminə görə minimum həddir.
Bundan başqa, mütəxəssislərin Xəzər dənizində uzun illər apardığı davamlı təhlillərin dinamikası göstərir ki, qeyd olunan çirklənmə həddi ümumi fon göstəricilərindən fərqlənmir. Xəzər dənizində neft hasilatı ilə təkcə Azərbaycan məşğul olmur və digər Xəzəryanı ölkələrdə hələ də bir sıra hallarda sovet dövründən qalma köhnə texnalogiyalardan istifadə edilir və buna görə də Xəzərdə neft ləkələri mütəmadi müşahidə olunur.
Nazirlik diqqətə çatdırır ki, dənizdə 200-300 km2 ərazinin neft ləkəsi ilə örtülü olması barədə yayılan fantastik məlumatların isə baş vermiş hadisə ilə heç bir əlaqəsi yoxdur. Fəzadan çəkilən şəkillər və nazirliyin mütəxəssislərinin apardığı təhlil və müşahidələr də bu iddianı təsdiq etmir. Atmosfer havasından götürülən nümunələrdə isə havaya karbon və azot oksidlərinin atıldığını təsdiq edir.
Qeyd edək ki, Ekspedisiya Qrupu tərəfindən müşahidələr hələ də davam etdirilir, müntəzəm olaraq nümunələr götürülür.

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR