“Günəşli” yatağında baş vermiş yanğınla bağlı xilasetmə işləri davam etdirilir, lakin əfsuslar olsun ki, itkin düşmüş neftçilər barəsində heç bir məlumat daxil olmayıb.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Əlirəhimov yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.
O qeyd edib ki, axtarış gəmilərlə davam etdirlir, helikopterlərlə axtarış işləri sabah davam etdiriləcək. Onun sözlərinə görə, hava qaranlıq olduğu üçün helikopterlərlə axtarış aparmaq mümkün deyil.
B.Əlirəhimov bildirib ki, yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir. Onun sözlərinə görə, hazırda 5 gəmi yanğının söndürülməsi istiqamətində işləri davam etdirir.
B.Əlirəhimov deyib ki, yanğın baş vermiş 10-cu özülün müəyyən hissəsinə dizel generatoru vasitəsilə işıq vermək mümkün olub. O bildirib ki, yanğının söndürülməsi işləri artıq platformanın üzərindən də həyata keçirilir ki, bu da yanğının söndürülməsini asanlaşdırır: “Platformanın üzərindən su şırnaqları vasitəsilə birbaşa yanğın nöqtəsinə su vurmaq mümkün olub”.
B.Əlirəhimov əlavə edib ki, sabahdan etibarən yanğınla bağlı yaradılan qərərgahın platformanın üzərinə köçürülməsi nəzərdə tutulur. Hazırda SOCAR prezidenti Rövnək Abdullayev də daxil olmaqla bir sıra qurumların rəhbərləri qərərgahdadırlar.
Qeyd edək ki, hadisə nəticəsində 29 nəfərin itkin düşdüyü bildirilir. Bundan əvvəl qeyd olunmuşdu ki, yanğının söndürülməsinə FHN, Dövlət Sərhəd Xidmətinin gəmiləri cəlb olunub.
Aktual.az