“Azneft” İB “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündə 71 saylı quyuda əsaslı təmir zamanı baş vermiş qaz təzahürünün təfərrüatı məlum olub.
“Report”un məlumatına görə, qaz təzahürü səhər təmir zamanı baş verib və açıq fontana çevrilib. Baş verə biləcək yanğının qarşısının alınması üçün dərhal özülün yanğınsöndürmə sistemi işə salınıb, özüldə istismarda olan digər quyular bağlanılıb, özülün kommunikasiya sistemi tam təcrid edilib, işçi heyətinin vacib olan mütəxəssisləri saxlanılmaqla digərləri “Nefteqaz-64” gəmisi vasitəsilə təxliyə olunub.
Eyni zamanda özülə kömək üçün 2 ədəd ixtisaslaşdırılmış VİXR tipli, “Nefteqaz” tipli və Şirvan tipli kran gəmiləri cəlb edilib.
“Azneft” İB-nin baş mütəxəssisləri və Fontana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası hadisə yerindədirlər. Hazırda vəziyyət nəzarətə götürülüb, fontanın qarşısının alınması üçün tədbirlər görülür. Xəsarət alan yoxdur.