“Mən YAP-a üzv olsaydım, bunu ictimailəşdirərdim. Amma belə bir şey yoxdur. Hal-hazırda heç bir partiyanın, siyasi qurumun üzvü deyiləm. Bu, yanlış məlumatdır. Nəyə dayanıb deyirlər, onu da bilmirəm. Ümumiyyətlə, hansısa siyasi partiyaya üzv olmaq üçün ərizə ilə müraciət etmək lazımdır. Ərizə qəbul olunduqdan sonra bu ictimailəşir. Ola bilər ki, hansısa ictimai fəaliyyəti olmayan insanlar siyasi partiyalara üzv olduqda bu ictimailəşmir, ancaq mən seçkidə iştirak etmişəm və kifayət qədər ictimai şəxsəm. YAP-a üzv olsaydım bu, həm onlar, həm də mənim tərəfimdən ictimailəşərdi”.
Bunu Cebhe.info-ya açıqlamasında “Ailə Hüquq” İctimai Birliyinin rəhbəri, hüquqşunas Günel Səfərova Ağdaşda keçiriləcək parlament seçkisində YAP-ın namizədinə dəstək olduqdan sonra onun haqqında səslənən fikirlərə münasibət bildirərkən deyib.
Günel Səfərova YAP-ı ölkədə güc baxımından ən öndə gedən partiya hesab edir: “Azərbaycanda hal-hazırda struktur, güc baxımından öndə olan partiya YAP-dır. Eyni zamanda cənab İlham Əliyevi dəstəkləyirəm. Bu siyasi partiyaya üzv olmağa neqativ baxışı mən anlamıram. Burda heç bir qəbahət görmürəm. Bu, bir seçimdir, mənim hüququmdur. İstəsəm istifadə edərəm, istəməsəm etmərəm. Keçən dəfə də bu məsələ gündəmə gələndə mən Məlahət İbrahimqızına təşəkkür etmişdim, məni YAP-a dəvət etdiyi üçün. Mən istənilən halda YAP-a, digər siyasi partiyaya üzv olsam və yaxud hansısa partiya quruculuğunda iştirak etsəm, bunu niyə də ictimailəşdirməyim? Buna mane olan səbəbləri başa düşmürəm”.
G.Səfərova YAP-ın namizədi Cavid Osmanova verdiyi dəstəyin konkret səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, buna səbəb C.Osmanov haqqında rayondakı müsbət fikirlərdir:
“Mənim Ağdaşa xüsusi bir bağlılığım var. Ağdaşa zaman-zaman getməyimdən başqa, orda qohumluq əlaqələrim də çoxdur. Ağdaşda seçkilərin nəticəsi ləğv olunandan sonra mənim dəstək qurupumda olan insanlar hər zaman deyirdilər ki, niyə siz Ağdaşdan namizəd olmursunuz? Siz Ağdaşda çox iş görmüsünüz, qohumluq əlaqələriniz var. Rayonda işləmək çox çətindir. Ağdaşdan olan deputatlar haqqında heç nə deyə bilmərəm, çünki açığı izləməmişəm. Amma mənim qohumlarımın, dostlarımın, işçilərimin dediklərinə görə, Ağdaşda o qədər də iş görülməyib. Bu seçki ərəfəsində də mən gözlədim ki, görüm namizədlər kim olacaq. Rayonla əlaqə saxladım və Cavid Osmanovun fəaliyyəti haqqında çox müsbət danışdılar. Ümumiyyətlə, hansı partiyanın üzvü olmasından asılı olmayaraq gənclərə dəstək oluram. Mən YAP-ın gənclərinə təlim keçdiyim kimi, eyniylə müxalifət partiyaların gənclərinə də keçmişəm”.
Günel Səfərova “125-lər” Siyasi Klubundan ayrılmağının səbəblərinə də aydınlıq gətirib. O qeyd edib ki, “125-lər” seçki üçün yaradılmışdı, seçki isə artıq bitib:
“Mənim üçün gənc siyasi fəaliyyətinə, mənsubiyyətinə görə fərqlənmir. Biz hər zaman təlimlərdə gəncləri radikallıqdan, dağıdıcılıqdan uzaq olmağa çağırırıq. Bizim fəaliyyətimiz əsasən bu istiqamətdədir. Mənim Cavid Osmanovu dəstəkləməyim də məhz bu səbəbdəndir. Dəstək qurupumun üzvlərinə də deyirlər ki, güya mən başqa namizədi dəstəkləyirəm və yaxud güya mən namizədliyimi vermişəm, qeydə alınmayıb. Çox gülünc iddialardır. Mənim belə bir niyyətim olmayıb. Olsa, bunu bildirərdim. Düşünürəm ki, Cavid Osmanov regionu daha yaxşı tanıyır, problemləri bilir. Onu digər namizədlərin arasından seçib deməyimin də səbəbi budur. Bu fikirlərin arxasında hansısa bir niyyət axtarmaq lazım deyil. Mən “125-lər”dən ayrılmışam. Çünki “125-lər” parlament seçkilərində iştirak üçün bir platforma idi. Heç vaxt qatı müxalifət rolunda çıxış etməmişəm. Əlbəttə, mən baş verən problemləri görürəm və tənqid edirəm. Tənqiddən əlavə isə biz bunun həlli yolları üçün işlər görürük. Biz sosial sahədə fəaliyyət göstərən insanlarıq. Yaxşını da, pisi də görməyi bacarırıq. Bu məsələdə digər namizədlərin məsələni bu cür qarşılamağı mənə qəribə gəlir. Mən özüm də seçkilərdə iştirak etmişəm, ancaq Məlahət İbrahimqızının tərəfdarlarınn dediklərini normal qarşılamışam. Bu seçimdir, seçkidir. Xalq kimi seçəcəksə, o da seçiləcək. Ağdaşı digər rayonlardan fərqləndirən səbəblər də budur ki, ağdaşlılar siyasi görüşü olan insanlardır. Onlar seçkilərdə fəal iştirak edirlər”.
Sonda bütün namizədlərə uğur arzulayan G.Səfərova “Əlbəttə ki, seçkidə iştirak edən hər kəs istəyir ki, özü qalib gəlsin. Mən bütün namizədlərə uğurlar arzu edirəm. Amma ki, min seçilməyindən asılı olmayaraq əsas odur ki, Ağdaş üçün nəsə edə bilən biri olsun. Çünki həqiqətən də Ağdaşın həm sosial, həm iqtisadi problemləri var”- deyə vurğulayıb.