Gümrah Ömər “AzDrama“nın kollektivindən üzr istədi

Gümrah Ömər “AzDrama“nın kollektivindən üzr istədi

YUĞ Dövlət Teatrının baş rejissoru Gümrah Ömər Akademik Milli Dram Teatrının kollektivinə yazılı qaydada müraciət edib.

Aktual.az Reporta-a istinadən xəbər verir ki, o, məktubunda teatrın kollektivindən üzr istəyib: 

“Mənim sonuncu müsahibəm bir sıra haqlı narazılıqlara səbəb olub. Əlbəttə, mən fikirlərimi bir qədər emosional tərzdə ifadə etmişəm. Amma bilməyinizi istəyirəm ki, bilərəkdən heç kimi təhqir etmək fikrində olmamışam. Fikirlərimin bu cür təqdim olunmasına səbəb olan bir məqama aydınlıq gətirmək istərdim. Müsahibəni götürən jurnalistlə razılaşmışdıq ki, müsahibə yalnız mənim korreksiya işlərimdən sonra yayımlanacaq. Həqiqətən də çapa getməzdən öncə razılaşdığımız kimi müsahibə mənə göndərildi və mən də düzəlişlərimi edib geri göndərdim. Ancaq çox təəssüf ki, jurnalist yenə də korreksiya olunmamış variantı mətbuata çıxarıb. O ki, qaldı mənim bu xarakterli müsahibə verməyimin səbəbinə, buna da aydınlıq gətirməyi lazım bilirəm. Bildiyiniz kimi, son dövrlərdə Ənvər Börüsoyun Akademik Milli Dram Teatrı ilə bağlı silsilə yazıları çıxırdı, hamıya da məlumdur ki, bu yazılar sifarişli və qərəzli yazılar idi. Məsələ burasındadır ki, bu yazılarda YUĞ Teatrına xüsusi bölmələr ayrılırdı və bu teatrın yaradıcısı artıq haqq dünyasında olan Vaqif İbrahimoğlunun və teatrın ünvanına həqiqətə uyğun olmayan həqarətli fikirlər səslənirdi. Mənim yaradıcılığımı bəyənməmək olar.

Yaradıcılığım haqqında tənqidi fikirlər də söyləmək olar və hətta lazımdır da . Ancaq dünyasını dəyişmiş şəxsiyyət, Azərbaycan teatrını sevən və onun inkişafı üçün gecə-gündüz çalışan, böyuk bir teatr xadimi haqqında həqarətlə danışmaq heç bir etik çərçivəyə sığmaz. Bilirsiniz ki, Vaqif İbrahimoğlunun mənim və mənim kimi bir çox gənclərin sənətə gəlməsində, onların bu sənətdə vicdan və əxlaqla fəaliyyət göstərməsində əvəzsiz xidməti olub. Heç şübhəsiz, bu cür kampaniyalar və böhtan xarakterli yazılar Vaqif İbrahimoğlunun bir şəxsiyyət və sənətkar kimi miqyasını zərrəcə kiçiltmir. Düşünürəm ki, son zamanlar baş verən xoşagəlməz hadisələr, teatr sənəti haqqında mənfi rəy formalaşdıran müsahibələr (elə mənim müsahibəm də), böhtan dolu məqalələr teatr mühitimizə hörmət və başucalığı gətirmir”.

Baş rejissor qeyd edib ki, iki teatr arasında nifaq salmaq, qarşıdurma yaratmaq çox mənasız, səmərəsiz bir işdir: “Nəticə etibarilə hamımız eyni sənətə qulluq edirik və teatr sənəti sahəsində qazanılan hər bir müvəffəqiyyət də, uğursuzluq da bizimdir. YUĞ Teatrı ilə Akademik Mili Dram Teatrı istiqaməti, yaradıcı yönü, poetikası etibarilə fərqli teatr olsa da, bu teatrlar arasında hansısa qarşıdurmadan söhbət gedə bilməz.

Gərək insan yaxşılığı unutmasın. YUĞ Teatrının yaranmasında Akademik Milli Dram Teatrının əvəzsiz xidmətləri olub. YUĞ Teatrı Akademik Milli Dram Teatrından törəyib, ana teatrımız bizim teatrımızı qoynunda bəsləyib böyüdüb. Bu mənada Həsənağa Turabovu, teatrın o dövrkü rəhbərliyini minnətdarlıq hissi ilə xatırlayırıq. Onlar bu işdə bəlkə də Vaqif İbrahimoğlu qədər əmək sərf ediblər. Ancaq indi nə baş verir? Bəlkə biz cavanıq, nəyisə düz eləmirik. Olmaz ki, bizim böyük sənətkarlarımız səhvimiz olanda çağırıb tənbeh etsinlər, bizə doğru yol göstərsinlər? Bunun nəyi pis olardı? Mən də Akademik Teatrda üç tamaşa hazırlamışam. Bu işdə mənə yaxından kömək edən yaradıcı və texniki heyətə, teatrın rəhbərliyinə buradan dərin təşəkkürümü bildirirəm. Biz sizin övladlarınızıq, qardaşlarınızıq, əziz və hörmətli ustadlarımız və həmkarlarımız. Bizim sizin dəstəyinizə və tənbehinizə hər zaman ehtiyacımız var. Bu müraciətimin gecikməsinə görə üzrlü hesab edin. Rayonda hüzrdə olduğum üçün əlaqə saxlaya bilmirdim. Əziz və hörmətli Akademik Milli Dram Teatrının kollektivi, başa düşürəm ki, mənim verdiyim müsahibə sizin qürurunuza toxunub , buna görə sizin hamınızdan üzr istəyirəm. Ancaq biləsiniz ki, bunlar qətiyyən düşünülmüş şəkildə olmayıb.

Sonsuz sevgi və ehtiramla Gümrah Ömər”.

 
Xəbər 2791 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR