Ötən il Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.
Azərbaycan Güləş Federasiyasından Aktual.az-a daxil olan məlumata görə, güləş üzrə yığma komandalarımızın üzvləri 2017-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Avropa və dünya çempionatlarında və IV İslam Həmrəyliyi Oyunlarında 33 qızıl, 29 gümüş, 37 bürünc olmaqla ümumilikdə 99 medal qazanıblar.
Son doqquz ilə nəzər yetirdikdə rəsmi yarışlarda güləşçilərimizin nailiyyətlərinin ildən-ilə artdığını görürük. Belə ki, 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə 71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82 medal, 2016-cı ildə 86 medal qazanılıb.
İlin əvvəlində Dünya Kuboku yarışlarına qatılan böyüklərdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız ənənəyə sadiq qalaraq ilk üçlükdə qərarlaşıb. İranda keçirilən yarışları yunan-Roma güləşçilərimiz ikinci, sərbəst güləşçilərimiz isə üçüncü sırada başa vurublar.
Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz sərbəst və qadın güləşçilərimiz komanda hesabında ikinci nəticə göstəriblər.
Paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını güləşçilərimiz 12 qızıl, 6 gümüş və 5 bürünc medalla başa vurublar.
Parisdə keçirilən dünya çempionatını da güləşçilərimiz üçün uğurlu hesab etmək olar. Yığma komandalarımız çempionatı 1 qızıl və 2 bürünc medalla başa vursa da, sərbəst güləşçi Hacı Əliyevin üçüncü dəfə dünya çempionu adını qazanması ilə güləş tariximizdə yeni səhifə yazılıb.
Litvanın Klaypeda şəhərində keçirilən hərbçilərin dünya çempionatını pəhləvanlarımız 2 qızıl, 3 gümüş və 6 bürünc medalla tamamlayıblar. Sərbəst güləşçilərimiz komanda hesabında dünya üçüncüsü olub.
Macarıstanın Sombateli şəhərində keçirilən 23 yaşadək güləşçilərin (U-23) Avropaçempionatını komandamız 5 qızıl, 1 gümüş və 5 bürünc medalla tamamlayıb. Medal əyarına görə yunan-Roma güləşçilərimiz 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıblar. Komanda hesabında isə yığmamız Avropa üçüncüsü adını qazanıb.
Polşanın Bıdqoş şəhərində tarixdə ilk dəfə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında isə yığmalarımız 5 bürünc medal əldə ediblər.
Almaniyanın Dortmund şəhərində təşkil edilən gənclər arasında Avropa çempionatında pəhləvanlarımız ümumilikdə 3 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Sərbəst güləşçilərimiz komanda hesabında ikinci nəticə göstəriblər.
Finlandiyanın Tampere şəhərində keçirilən mundialda Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.
Ötən il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Pəhləvanlarımız Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil edilən qitə birinciliyində 10 (4 qızıl, 3 gümüş və 3 bürünc) medal qazanıblar. Sərbəst güləşçilərimiz 2016-cı ildə olduğu kimi ötən il də komanda hesabında ikinci yeri tutublar.
Yunanıstanın paytaxtı Afinada keçirilən dünya çempionatında da güləşçilərimiz 10 (3 qızıl, 5 gümüş və 2 bürünc) medal əldə ediblər. Sərbəst güləşçilərimiz komanda hesabında üçüncü yerdə qərarlaşıblar.
Bundan başqa, yığma komandalarımız 2017-ci ildə iştirak etdikləri digər beynəlxalq turnirlərdə 195 medal qazanıblar. Bu medalların 61-i qızıl, 40-ı gümüş və 94-ü isə bürüncdür.
Beləliklə, 2017-ci il ərzində güləşçilərimiz ümumilikdə 294 medal, o cümlədən 94 qızıl, 69 gümüş, 131 bürünc qazanıblar. Bu medallardan 136-sı yeniyetmə, 51-i gənc güləşçilərin payına düşür. İl ərzində U-23 Avropa və dünya çempionatlarında 16 medal qazanan güləşçilərimiz, böyüklərin yarışında 91 medala sahib olublar. Ötən il pəhləvanlarımızın qazandıqları medalların 156-sı sərbəst, 102-si yunan-Roma, 36-sı isə qadın güləşçilərin payına düşüb.
Xəbər 480 dəfə oxunub.