16-17 mart 2017-ci il tarixdə İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.
Aktual.az bildirir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxstan, İran və Almaniya komandaları isə A yarımqrupunda yarışacaq.
Yığma komandanın baş məşqçisi Akif Əliyev, böyük məşqçi İlqar Abdulov və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 12 güləşçimiz Abadana yollanacaq. Yarışlarda ölkəmizi Rövşən Bayramov, Taleh Məmmədov (hər ikisi 59 kq), Kamran Məmmədov, Nofəl Babayev (hər ikisi 66 kq), Rəsul Çunayev, Həsən Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) təmsil edəcək.
Yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.
Məlumat üçün bildirək ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-güləşçilərimiz Dünya Kubokunun sahibi olub.
Aktual.az
Xəbər 555 dəfə oxunub.