Görkəmli pedaqoqdan valideynlərin cərimələnməsinə - Qəti etiraz

Görkəmli pedaqoqdan valideynlərin cərimələnməsinə   - Qəti etiraz

Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynləri cərimələnəcəklər. Bu məsələ İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsində nəzərdə tutulur.

Məcəlləyə təklif olunan dəyişiklik bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Nəzərdə tutulan dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq edilir.

Aktual.az xəbər verir ki, Moderator.az məsələ ilə bağlı tanınmış təhsil eksperti Əjdər Ağayevin fikirlərini öyrənib. 

Əjdər Ağayev deyib ki, bu məsələdə valdieynlərin günahlandırılması tamamilə absurddur: ""Təhsilşünaslıqda, pedaqogika elmində cəzalandırma və rəğbətləndirmə tələbləri var. Dediyiniz təklif irəli sürülərkən bu tələblər nəzərə alınmayıb. Bu məsələyə görə məsuliyyət məktəbin və məktəbə nəzarət etməli olan qurumların üzərinə düşür. Əgər məktəb təlim-tədris işini normal qursa, tərbiyəvi tədbirlər keçirsə, maraqlı olsa, şagird qarşısına qoyduğu hədəfə nail olmaq üçün istədiyini məktəbdən alsa məktəbdən yayınarmı? Yayınmaz. Bu məsələdə günahkar olan tədris işini təşkil edən şəxslərdir".

Ekspertin sözlərinə görə, məktəbdən yayınıb repetitor yanına gedən şagirdlər məktəb direktorları ilə saziş imzalayır: "Sazişin altında nə var, bu da bəllidir. Bu iş ona görə baş verir ki, bizim məktıblərin böyük əksəriyyəti təlim-tədris işini yüksək səviyyədə qura bilmir. Şagirdə lazım olan bilik verilmir. Qəsdənmi verilmir, yoxsa səviyyəsimi çatmır? Bunu da araşdırmaq lazımdır. Sözügedən qərarı verərkən pedoqoji tələbləri, təhsil prosesini, hüquqi müstəvini, sosial-iqtisadi vəziyyəti nəzərə almayıblar. Əgər şagird məktəbə maddi ziyan vurubsa, bu halda valideynə demək olar ki, dəymiş ziyanı ödəsin. Amma dərsə davamiyyətlə bağlı belə bir qərar vermək anlaşılmazdır. Hansı valideyn öz övladına deyər ki, dərsə getmə və yaxud hansısa dərsdən yayın. Bu, absurddur, belə bir şey ola bilməz". 

Əjdər Ağayev bildirib ki, 100 manat cəriməni ora yazan adam özü min manatlarla pul qazanır deyə, 100 manatın insanlar üçün nə qədər dəyərli olduğunu başa düşmür: "Ayda 150-200 manat alan valideyn o pulu necə versin? Məktəb normal təhsil vermədiyinə görə, valideyn məcbur olub, borc-xərc uşağını repetitor yanına göndərsin. Mən başa düşmürəm, bu insanlar ölkənin vəziyyətini niyə başa düşmürlər. Məgər bunlar hansısa naharatlıq yaratmaq istəyir?"

Ekspertin sözlərinə görə, yaxşı olardı ki, müyyən qərarlar verilərkən təhsil mütəxəssislərinin, pedoqoji işi bilən adamların fikirləri nəzərə alınsın: "Hər fəaliyyətin elmi var. Bu işin də elmi var, elmi bilmək lazımdır. Pedqogikada deyilir ki, pis şagird yoxdur, pis müəllim ola bilər. Azərbaycanda elə məktəb direktorları, direktor müavinləri var ki, şagirdə nəsə öyrədən, onu məktəbə cəlb edən müəllimləri gözümçıxdıya salırlar. Ona görə ki, o da o birilər kimi olsun və direktor bu işdən xeyir görsün. Şagirdin məktəbdən yayınmağının kökündə nə dayanır, bax, bunu müyyənləşdirmək lazımdır. Sosial baxımdan, pedoqoji baxımdan, iqtisadi baxımdan. Kiminsə ağlına gəlməklə, camaatın vəziyyətindən xəbərsiz belə qərar qəbul etmək qəti yolverilməzdir. Camaatın vəziyyətindən xəbərləri yoxdur ki, adamlar 10 manatı da böyük məbləğ hesab edir. 100 manata görə günlərlə işləyir. Bunları nəzərə almadan necə belə bir qərar vermək olar? Düzü mən çox təəccüb eləmədim. Qəti ortaya çıxarılası bir məsələ deyil. Bu təklifi verən adam gərək ciddi düşünəydi". 

Aktual.az

Xəbər 665 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR