Gör ki, nədir naleyi-ney, nəğmeyi-tar…

Gör ki, nədir naleyi-ney, nəğmeyi-tar…

O gün bəlkə də balaca Nihatın taleyində, sözün həqiqi mənasında, bir dəyişim, bir dönüş nöqtəsi olacaq. Ona görə yox ki, müsabiqənin qalibi olub, ona görə ki, balaca tarzən nəyə qadir olduğunu müsabiqənin münsiflər heyətinə, iştirakçılara və ona ümid bəsləyənlərə inamla sübut etdi. Çətin bir yolun başlanğıcında özünə inamlı olmaq birinci şərtdir. 

Bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsredilmiş ümümtəhsil və orta ixtisas məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların III Respublika müsabiqəsibaşa çatdı. Qeyd edək ki, bu müsabiqə artıq üçüncü dəfədir keçirilir və həmişə gənc istedadları qiymətləndirən və onlara daim qayğı göstərən ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq təşkil olunur.

Final mərhələsində ifa etdiyi "Şur” muğamı ilə ürəkləri riqqətə gətirdi. Qobu qəsəbə Uşaq İncəsənət məktəbinin tar sinfinin şagirdi Nihat Quliyev onyaşlılar arasında müsabiqənin qalibi adını qazadı. Nihatın ifasını dinləyəndə böyük Seyid Əzim Şirvaninin misraları yada düşür:
Guş qıl, ey ki bilirsən özüvi vaqifi-kar,

Agah ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar.

Nihat Elşən oğlu Quliyev 12 oktyabr 2007-ci ildə Salyan rayonunun Qaraçala kəndində anadan olub. Valideynləri Azərbaycanın dilbər guşələrindən olan Cəbrayıl rayonundan məcburi köçkündür. Bir müddər Salyan rayonunda yaşayıblar, Nihat da orada dünyaya gəlib. Hazırda Qobu qəsəbə Q. Xalıqov adına 1 nömrəli tam orta məktəbin 5-ci sinfində, Qobu Uşaq İncəsənət məktəbinin 4-cü sinfində (tar sinfində) oxuyur.

Balaca tarzən Nihat Quliyevin sevincini paylaşanlar çoxdur. Ən çox babası Hüseyn, nənəsi Fatma, Qobu qəsəbə 1 nömrəli tam orta məktəbin kollektivi, dostları, qonşuları sevinir. Və sözsüz ki, Nihatın uğuruna çox sevinən bir nəfər də var. Ondan heç bir qayğısını əsirgəməyən, ona tarın hikmətini anladan, Nihatın qalib olması elan olunanda gözləri dolan Qobu Uşaq İncəsənət məktəbində onun tar müəllimi olan İstanbul İsmayıl.
Nihat Quliyev- bu adı yadda saxlayın. Gün gələcək, onun haqqında Azərbaycanın məşhur tarzəni kimi danışacaqlar. O zaman biz bu sevincimizdə nə qədər haqlı olduğumuzu bir daha hiss edəcəyik.

Sorağın daha uca zirvələrdən gəlsin, Nihat!

Vasif SÜLEYMAN
şair, Prezident təqaüdçüsü

Xəbər 1755 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR