Noyabrın 22-də saat 18 radələrində Goranboy Rayon Polis Şöbəsinin (RPŞ)əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Aktual.az-a Goranboy Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla Goranboy rayonu ərazisində oğurluqla əlaqədar daxil olan operativ məlumat əsasında Goranboy RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Emin Şirinov və həmin bölmənin əməliyyat müvəkkili Elgün Teymurzadə hadisə yerinə çıxmaqla xidməti vəzifələrini icra edərkən rayon sakini Bevdalı Alışanovun onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Bevdalı Alışanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbər 462 dəfə oxunub.