Gömrük "kralı"nın sirli biznes şəbəkəsi MƏQALƏ

Gömrük

"Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun sement satışını da əlində saxladığı vurğulanır. Deyilənə görə, respublikaya hər ay 50 min ton sement idxal edən "Babək-97" firması rəisin sərəncamındadır. Firmanın anbarları və ofisi Keşlə yük stansiyasının içərisində yerləşir. Şirkətin ölkəyə gətirdiyi sementlər dövlətin maliyyələşdirdiyi tikintilərdə istifadə olunur. Bakı Gömrük İdarəsində vətəndaşları qəbul edən rəis isə ölkəyə bir kisə belə sement gətirmək istəyən biznesmenlərə bunun mümkünsüzlüyünü deyir". Etibarlı mənbənin sözlərinə görə, V.Novruzovun biznes şəbəkəsi təkcə Azərbaycanla bitmir"

Rupor.Az xəbər verir ki, bu fikirlər Gündəlik Bakı qəzetinin yazdığı məqalədə qeyd olunur. Yazıda vurğulanır ki, dövlət büdcəsindən külli miqdarda vəsait yayındırılır və bu pulla şəxsi ciblərə gedir.

Qəzetin yazdığı məqaləni təqdim edirik:

"Vüsal Novruzov bir sıra biznes sahələrini əlində saxlayır. Bakı Baş Gömrük İdarəsinə müraciət edən sahibkarlar niyə "Aqroazerinvest" şirkətinə yönəldilir? Gömrük sisteminin əsas fiqurlarından biri də Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovdur. Qeyd edək ki, onun adı indiyə qədər bir sıra qalmaqallı məsələlərdə çəkilib. Bir müddət əvvəl isə idarə rəisinin tutduğu vəzifədən kənarlaşdırılacağı haqda xəbərlər yayıldı. Hələ ki, o vəzifəsini davam etdirir. Amma onun başının üzərində dolaşan "qara bulud"lar heç də yaxşı əlamət deyil. Apardığımız araşdırmalar nəticəsində aydın oldu ki, sözügedən məmurun tez-tez tənqid hədəfinə tuş gəlməsi səbəbsiz deyil. Belə ki, o Bakı Baş Gömrük İdarəsinin rəisi kimi üzərinə düşən işləri lazımi səviyyədə yerinə yetirə bilmir, üstəlik səlahiyyətinə daxil olmayan məsələlərə qarışır. Buna görə də mətbuat vasitələrinin tənqidinə tuş gəlir. Xatırladaq ki, bir müddət öncə Astara Gömrük Keçid Məntəqəsindən keçən yüklərə görə tələb olunan rüsumların artırılması xəbəri yayıldı. Bu barədə məlumat verən sahibkarların bildirdiyinə görə, "rüsum"lar iki dəfə bahalaşdırılıb: "Gömrük Məntəqəsinin rəsmiləri isə deyiblər ki, belə bir vəziyyətin yaranmasının səbəbkarı Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovdur. Sahibkarlar bildirirlər ki, əgər keçən il onlar xaricdən gətirdikləri yükə görə hər maşına az "rüsum" verirdilərsə, hazırda bu rəqəm qaldırılıb". Əldə etdiyimiz məlumatlara görə, uzun müddətdir Bakı Baş Gömrük İdarəsinə rəhbərlik edən gömrük generalı ötən vaxt ərzində şəxsi maliyyə imkanlarını xeyli genişləndirib: "Onun nəzarətində mərmər biznesi, ölkəyə gətirilən malların gömrük qeydiyyatından qeyri-leqal keçirilməsi üçün nəzərdə tutulmuş "Aqroazerinvest" şirkəti, habelə daha bir neçə iri biznes sahələrinin olduğu deyilir. İdarə rəisi həmçinin dekorativ ağac biznesini də nəzarətdə saxlayır. Son illərin ən geniş yayılmış bizneslərindən biri olan dekorativ ağac alveri tikilən parkları və ayrı-ayrı fərdlərin həyətlərini əhatə edir. Belə ki, bu ağacları ya dövlət büdcəsindən ayrılan pullarla, ya da fərdi şəxslərin ödədiyi məbləğlərlə əldə etmək mümkündür. Təkcə palma ağacının şitilinin 400 dollar olduğunu nəzərə alsaq, bir parkda yüz minlərlə manat pulun necə silindiyinə şahidlik edə bilərik. İdarə rəisi bu sahəni əlində saxlamaqla külli miqdarda gəlir qazanır. Bundan başqa, hazırda ölkəyə gətirilən mal və məhsulların böyük bir qismi ayrı-ayrı şirkətlərin hesabına sənədləşdirilir. Bunun həyata keçirilməsi isə onunla bağlıdır ki, həm külli miqdarda vəsait büdcədən yayındırılır, həm də böyük məbləğdə "şirinlik" almaq üçün imkan yaradılır. Əgər sahibkar Rusiya və ya Ukraynadan məhsul gətirirsə, onun ölkəyə keçirilməsi əngələ çevrilir. Bu zaman Bakı Baş Gömrük İdarəsində həmin sahibkara təklif olunur ki, dövlət rüsumundan əlavə ödəniş etsin. Həmin məbləği ödəməyə gücü çatmayan sahibkar da əlavə çıxış yolları axtarır. Bu zaman birbaşa "Aqroazerinvest" şirkətinə istiqamətləndirilirlər. Şirkət Bakı Baş Gömrük İdarəsində bu kimi işləri həyata keçirir. Odlar Yurdu Universitetinin yaxınlığında qərarlaşmış bu şirkətin işi əlaqələndirməkdir. Xaricdən mal gətirənlər şirkətə üz tutur və üzləşdikləri problemləri bəzi maraqların təmin edilməsi müqabilində yoluna qoyurlar. Onun sement satışını da əlində saxladığı vurğulanır. Deyilənə görə, respublikaya hər ay 50 min ton sement idxal edən "Babək-97" firması rəisin sərəncamındadır. Firmanın anbarları və ofisi Keşlə yük stansiyasının içərisində yerləşir. Şirkətin ölkəyə gətirdiyi sementlər dövlətin maliyyələşdirdiyi tikintilərdə istifadə olunur. Bakı Gömrük İdarəsində vətəndaşları qəbul edən rəis isə ölkəyə bir kisə belə sement gətirmək istəyən biznesmenlərə bunun mümkünsüzlüyünü deyir". Etibarlı mənbənin sözlərinə görə, V.Novruzovun biznes şəbəkəsi təkcə Azərbaycanla bitmir: "İdarə rəisinin qonşu Gürcüstanda iri ticarət obyektləri fəaliyyət göstərir. Generalın Tiflisə tez-tez səfər etməsi həm bununla, həm də digər məsələlərlə bağlıdır. İdarə rəisinin ölkə daxilindəki biznes obyektlərinin isə sayı-hesabı yoxdur. Onun Novxanıda iki bağ evi var. Həmin bağ evlərinin arasında isə 1990-cı illərin əvvəllərində Gəncə şəhərinin icra başçısı vəzifəsində çalışmış Rasim Daşdəmirovun bağı yerləşir. İdarə rəisi həmin bağ evini almaq üçün 2 milyon manat təklif etsə də, Rasim Daşdəmirov irəli sürülən təkliflə razılaşmayıb. Generalın Novxanıdakı imarətlərinin qiyməti milyonlarla ölçülür. O həm də maşın həvəskarıdır. Bağ evinin həyətində dayanan avtomobillərin ümumi dəyəri bəlkə də 1 milyon manatdan çoxdur. Bütün bunlar isə onu göstərir ki, idarə rəhbəri ancaq özü üçün işləyir. Buna görə də yuxarılar onun fəaliyyətindən razı deyil". Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsinin rəisinin barəsində başqa ittihamlar da səsləndirilməkdədir. Gələn saylarımızda gömrük generalının iranlı iş adamı ilə biznes ortaqlığı, mart ayında Baş Gömrük İdarəsinin inzibati binasına gəlməsinin təfərrüatları, "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun hansı funksiyanı daşıması və V.Novruzovun Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin postuna olan iddiası barədə şok faktları açıqlayacağıq. Bizi izləyin. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq".

Xəbər 5335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR