Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən yanvarın 27-də parkur, yanvarın 29-da isə akrobatika gimnastikası üzrə hakimlik imtahanları keçirilib.
Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada keçirilən imtahanlarda parkur idman növü üzrə 2, akrobatika gimnastikası üzrə isə 8 Azərbaycan təmsilçisi iştirak edib.
Təmsilçilərimizin hər biri imtahanı müvəffəqiyyətlə başa vururaq beynəlxalq hakimlik kateqoriyasına yiyələniblər.
FIG qaydalarına əsasən hər Olimpiya Oyunlarından sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik kateqoriyasını hər dördildənbir təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar.
İndiyədək beynəlxalq hakimlik kateqoriyasına yiyələnmək üçün hakimlər əvvəlcə FIG-nin təşkil etdiyi hakimlik kurslarında iştirak edir, daha sonra imtahan verirdilər.
Beynəlxalq federasiya tərəfindən bu il COVID-19 pandemiyası ilə əlaqədar olaraq imtahanların kurslar olmadan onlayn qaydada keçirilməsinə qərar verilib.
Xəbər 339 dəfə oxunub.