Könüllü şəkildə Azərbaycan əsgərlərinə təslim olan və bir müddətdən sonra geri qaytarılan Ermənistan hərbçisi Andranik Qriqoryana indiyədək valideynləri ilə görüşməyə icazə verilmir.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda Ermənistanda çıxan "Joxovurd" qəzeti məlumat yayıb.
Qriqoryanın yeznəsi Armen Arutyunyan bildirib ki, tibbi müayinədən sonra Andraniki sorğu-sual üçün polis bölməsinə aparıblar: "Biz onun evə nə vaxt buraxılacağı ilə davamlı olaraq maraqlanırıq. Deyirlər ki, Azərbaycanda saxlanıldığı 8 ay müddətində başına gələnləri danışıb, dediklərini başa düşdükdən sonra onu evə buraxacaqlar. İndiyə kimi qohumlardan heç kim onu görməyib".
Qeyd edək ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 2015-ci il martın 22-də könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olan Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi noyabrın 18-də azad edərək qarşı tərəfə qaytarıb.
Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.