Hibrid informasiya savaşına konseptual baxış
Gürcüstanda, hələ parlament seçkilərindən xeyli öncə başlayan və hazırda davam etməkdə olan proseslərlə bağlı sosial şəbəkələrin Azərbaycan seqmentində və bəzi yerli media resirslarında yazılanları oxuyuram, deyilənləri izləyirəm və belə bir qənaətə gəlirəm ki, özünü illərdən bəri cəmiyyətə jurnalist, araşdırmaçı, siyasətçi, ekspert, politoloq kimi təqdim edən insanların düşüncəsində emosiyaların yaratdığı "kimyəvi reaksiyalar”dan başqa heç nə baş vermir.
Mənzərə göz qabağındadır: Gözümüzün önündə daha bir ölkənin geosiyasi maraqların edam kötüyünə daşınması uğrunda, hələlik, yalnız "gecə aksiyaları” ilə müşahidə olunan savaş gedir. Hələ 80-ci illərin sonlarından və 90-cı illərin əvvəllərindən keçmiş "Varşava müqaviləsi” və indiki postsovet məkanında yaradılmış, əsasən Polşa, Litva və Gürcüstan üzərindən həyata keçirilən "rəngli inqilab” ssenarilərinin növbəti mərhələsini müşahidə edirik. Yenə marığda dayanan bəzilərinin iştah və emosiyaları şahə qalxıb. Bəzilərinə elə gəlir ki, 30 ilə yaxın torpaqlarımızın işğalını legitimləşdirmək üçün dəridən-qabıqdan çıxan, milli və dini identikliyimizə, mədəniyyətimizə, bütövlükdə isə varlığımıza qənim kəsilən səlibçi insanlıq düşmənlərinin daha bir ölkəni öz maraqlarının tələsində yemə çevirmələrindən sonra daha xoşbəxt, daha təhlükəsiz, daha firavan yaşayacaqlar. Sözüm küyə gedənlərədir, özünü xarici maraqların istifadəsinə verən muzdlu təsir agentlərinə yox... Satqın və xainlərin vətəni yox, bədəni olur. Belələri qara qəpiyə dəyməyən bədənlərinin "mücadiləsi”ni apardıqları halda, bütün sadovozaxist ssenarilərə uyğunlaşan dəyərsiz vücudlarını ictimai rəyə VƏTƏN kimi sırımaq üçün gecə-gündüz rəng və qabıq dəyişməkdən yorulmurlar.
Bu yazıda, hazırda Gürcüstanda baş verən hadisələrin arxasında dayanan real mənzərəni, həm də klassik geosiyasi nəzəriyyələr kontekstində göz önünə sərgiləməyə çalışacağam.
QHTmaniya, yaxud XXI əsrin hibrid səlibçiləri
Qeyri-Hökumət Təşkilatları və müstəqil olduqları iddia edilən fondlar haqqında təsəvvürlərimiz təbii ki, SSRİ-nin süqutundan sonra başlayıb. Buna qədər birpartiyalı sistemdə formalaşan düşüncəmizin nə alt, nə də üst qatlarında bizə vətəndaş cəmiyyəti instututları kimi təqdim olunan bu qurumların gerçək mahiyyətini və fəaliyyət istiqamətlərini çözə biləcək heç bir iz yox idi...
İlk baxışda "demokratiya”, "söz, fikir və media azadlığı”, "insan haqları” və bu kimi gəlişigözəl adlar və şüarlar altında fəaliyyət göstərən təşkilatlar bizə "xilasedici”, yaxud "qoruyucu” mələk kimi görünür və ya təqdim olunurdular.
Onlar bizə, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğunun, çoxpartiyalı sistemdə yaşamağın və daha yaxşı yaşamağın sirlərini öyrədir, bu işə yüz milyonlarla dollar vəsait xərcləyirdilər... Mərkəzi ofisləri əsasən Qərb ölkələrində yerləşən bu təşkilatlar dövlətə ödədiyi verginin hər qəpiyinin hesabını soran vətəndaşlarının pullarını biz yaxşı yaşayaq deyə havaya sovururdular...
Nə üçün? Niyə? Kapitalizmin tərbiyə etdiyi, qazanc gətirməyən, maddi qarşılığı olmayan hər hansı bir işə 1 sent belə xərcləməyən amerikalı, yaxud fransız hansı səbəblərdən bizim daha yaxşı yaşamağımız üçün dövlətin, transmilli korparasiyaların ayırdığı vəsitləri havaya sovurmalıydı ki?
Bizi bizdən çoxmu sevirdilər? Bəlkə xətti-xalımıza, gül camalımıza aşiq olmuşdular? Yaxud mədəniyyətimiz, musiqimiz onları çılğıncasına pul xərcləməyə vadar edirdi?
Bu suallar həmin dövrdə bəlkə də çoxlarını düşündürmürdü... Çünki bizə prosesin yalnız romantik tərəfini göstərirdilər.
Məsələn, prosesdə aşağı qatda yer alan bir çoxlarını düşündürmürdü ki, nə üçün ABŞ-ın Milli Demokratiya İnstitutu Azərbaycandakı bəzi siyasi partiyaların təşkilatlanmasına, şəbəkələşməsinə pul xərcləyir? Bu partiyaların üzvlərini Avropaya, Amerikaya apararaq onlara təlimlər, seminarlar keçir, siyasi fəaliyyətin, seçki təbliğatının, danışmağın, hətta susmağın belə incəliklərini öyrədir?
Nə üçün?
Şübhəsiz ki, zaman keçdikcə biz bu suallara cavab tapmağı bacardıq. Cavab tapdıqca "qoruyucu mələk”lərin əslində mənsub olduqları geosiyasi qütbün maraqlarını qoruduqları, yuxarıdan aşağıya doğru formalaşdırılan piramidaşəkilli şəbəkənin əslində "yumşaq güc” strategiyasının həyata keçirilməsinə xidmət edən cəsus, yaxud nüfuz müvəkkilləri şəbəkəsindən başqa bir şey olmadığı bir daha aydın oldu.
Bu gün mahiyyətini açdığımız, anladığımız və anlatdığımız şəbəkənin bizə qarşı təzyiqlərinin, böhtan və qarayaxma kampaniyalarının əsasında da real mənəzərəni olduğu kimi görməyimiz, dərk etməyimiz dayanır.
Mənzərə isə mürəkkəb adlar və texnologiyalar vasitəsilə təqdim edilsə də, əslində çox bəsitdir. Əsrlər öncə missioner təşkilatlarının dini təbliğat adı altında reallaşdırdıqları missiyanı bu gün "beynəlxalq” təsisatlar və onların yerlərdəki nümayəndələri həyata keçirirlər. Sadəcə adlar və təbliğatın ideoloji tezisləri dəyişib. Yəni, əvvəllər bu prosesin başında kilsə, yaxud hər hansı bir mərkəzi dini mərkəz dayanırdısa, indi dövlətlər və transmilli korparasiyalar dayanır.
Mənzərə təxminən belədir: Ayrı-ayrı güc mərkəzlərinin – dövlətlərin beyin mərkəzləri tərəfindən çoxsaylı fondlar yaradılır. Bu fondlar birbaşa dövlət büdcəsindən, yaxud transmilli şirkətlər tərəfindən maliyyələşdirilir. Daha sonra bu maliyyə piramidanın nisbətən aşağı pilləsində dayanan beynəlxalq təşkilatlar vasitəsi ilə nüfuz müvəkkilləri şəbəkəsinin formalaşdırılması və saxlanılmasına sərf olunur.
Hər hansı bir ölkəyə qarşı geosiyasi və geoiqtisadi maraqların təmin edilməsi üçün təzyiq göstərilməsinə ehtiyac duyulduqda piramidanın alt qatındakı nüfuz müvəkkilləri (təsir agentləri) şəbəkəsi çeşidli provakasiyalarla bunun üçün əsas yaradır, nisbətən üst qatdakı beynəlxalq hüquq-müdafiə təşkilatları bu provakasiyalardan yararlanaraq həmin ölkənin nüfuzuna zərbə vurmaq üçün hərəkətə keçir, piramidanın ən üst qatındakı güc mərkəzlərinin "demokratiya”, "insan hüquq və azadlıqları”, "söz və fikir azadlığı”nın məhdudlaşdırılması bəhanəsi altında təzyiq xarakterli addımlarına, son nəticədə isə sanksiyalara zəmin yaradırlar.
Daha öncə də qeyd etdiyim kimi piramidanın ikinci pilləsində dayanan, vasitəçi və icraçı funksiyasını yerinə yetirən "hüquq-müdafiə” və bu kimi digər təşkilatlar missiyalarının mahiyyətini gizli saxlamaq üçün adətən müstəqil olduqlarını iddia edirlər. Mənzərə aydın olsun deyə konkret nümunəyə müraciət edək:
Belə təşkilatlar arasında ən tanınmışlarından biri, adını tez-tez eşitdiyimiz Hyuman Rayts Votç təşkilatıdır. İndi isə özünü müstəqil adlandıran bu təşkilatın donorlarının siyahısına diqqət edək:
Hyuman Rayts Votç-un ən böyük donorlarından biri Soros fondudur. 2010-cu ildən başlayaraq Fondun rəhbəri Corc Soros Hyuman Rayts Votç təşkilatına bu qurumun qlobal proseslərdə iştirakını dəstəkləmək məqsədilə 100 milyon dollar maliyyə vəsaiti ayırıb. Corc Sorosun ayrı-ayrı ölkələrdə həyata keçirilən "rəngli inqilablar”dakı iştirakını isə, düşünürəm ki, sübut etməyə ehtiyac yoxdur. Bunun üçün Sorosun rəhbərlik etdiyi fondun 2014-cü ildə Ukraynadakı proseslərdə iştirakı ilə bağlı elə onun öz etiraflarıyla tanış olmaq yetərlidir.
Hyuman Rayts Votç-un digər maliyyə mənbəyi 1983-cü ildə ABŞ Konqresi tərəfindən yaradılmış NED, yəni Milli Demokratiya Fondudur. Fondun yaradıcılarından biri olan Allen Vaynşteyn hələ 1991-ci ildə bəyan etmişdi ki, indi onlar vaxtilə Mərkəzi Kəşfiyyat İdarəsinin gizli şəkildə həyata keçirdiyi fəaliyyətlə açıq şəkildə məşğul olurlar.
Hyuman Rayts Votç-u maliyyələşdirən qurumların sırasında Makartur Fondu da var. Xatırladım ki, 2007-2023-cü illərdə bu fondun beynəlxalq layihələrinə müxtəlif vaxtlarda ABŞ Müdafiə nazirliyi, təhlükəsizlik şurası, milli kəşfiyyat şurası və Mərkəzi Kəşfiyyat İdarəsində çalışmış şəxslər rəhbərlik ediblər.
Başqa bir nümunəyə də müraciət edək: Freedom Haus təşkilatının büdcəsinin 80 faizə qədəri ABŞ hökumətinin ayırdığı maliyyə vəsaiti hesabına formalaşır. Təşkilatın digər donorları arasında artıq təqdimatına ehtiyac duymadığımız NED və Soros fondları da var.
Daha öncə də qeyd etdiyim kimi ayrı-ayrı ölkələrə qarşı həyata keçirilməsi nəzərdə tutulan təzyiq kampaniyaları üçün tətbiq olunan mexanizmlər çox sadədir:
Geosiyasi maraqlara xidmət edən vahid strategiya müəyyənləşdirilir. Bu strategiyanın həyata keçirilməsində istifadə olunacaq mexanizmlər hazırlanır. Müdaxiləyə imkan verəcək total qarayaxma və böhtan kampaniyaları üçün ayrı-ayrı fondlar, bu fondlar vasitəsilə hüquq-müdafiə təşkilatları və hədəf seçilən ölkələrdəki "beçinci kolon maliyyələşdirilir. "Beşinci kolon” real və virtual olaraq bu və ya digər ölkədə təməl insan haqları, korrupsiya, maliyyə şəffaflığı və s. məsələlərlə bağlı problemlərin olduğunu sübuta yetirəcək əsasların səhnələşdirilməsini həyata keçirir. Bu səhnələşdirilmiş problemlər əsasında hüquq-müdafiə təşkilatları hesabatlar hazırlayır, sifarişçi mərkəzlər isə transmilli şəbəkə vasitəsilə kütləvi kampaniyaya başlayırlar.
Bu fikirləri əsaslandırmaq üçün konkret fakta müraciət edək. Suriya böhranının kritik həddə çatmasının əsas səbəblərindən biri də Beynəlxalq Amnistiya Təşkilatının bu ölkə haqqında hazırladığı hesabatlardan qaynaqlanır. Bu hesabatlardan birinin - "Öldürücü həbs: Suriyada xalq etirazları zamanı həbsxanalarda ölüm” adlı hesabatın müəlliflərindən olan Nil Semmonds müsahibələrindən birində sənədin real faktlara söykənmədiyini etiraf edir.
Nil Semmonds deyir: "Mən Suriyada olmamışam. Beynəlxalq Amnistiya Təşkilatına hadisələr zamanı Suriyada olmağa icazə vermədilər. Buna görə də hesabatla bağlı tədqiqat əsasən Londonda aparıldı. İşin bir hissəsi isə Suriya ilə qonşu ölkələrdə ayrı-ayrı ailələrin üzvlərindən, həbsdə olanların yaxınlarından və digər şəxslərdən kommunikasiya vasitələri ilə alınan məlumatlar əsasında hazırlandı”. Çox güman ki, Nil Semmonds "digər şəxslər” deyəndə "beşinci kolon”un nümayəndələrini nəzərdə tutur. Mənzərə tam olmasa da qismən tanış gəlir. Daha doğrusu, üslub tanış gəlir. Belə hesabatların üçüncü şəxslərdən alınan qərəzli məlumatlar əsasında hazırlandığı kimsəyə sirr deyil.
Üçüncü şəxsləri, daha dəqiq desək, "beşinci kolon”u isə eyni mərkəzdən maliyyələşən marginal siyasi qruplar və onların nəzarətindəki qeyri-hökumət təşkilatları təşkil edirlər.
Beynəlxalq münasibətlərdə qarşılıqlı asılılığın qloballaşması və güclənməsi, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının beynəlxalq arenaya çıxması və insan hüquqları kateqoriyasının transmilliləşməsi nəticəsində "beşinci kolon” müasir şəraitə uyğunlaşaraq yeni forma kəsb edib.
Yeni tipli "beşinci kolon” rolunda çıxış edənlər də məhz onlardır.
Xarici donorlar tərəfindən yaradılmış təşkilatlar əslində iddia olunduğu kimi demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı naminə fəaliyyət göstərmirlər, onlar hökumətə təzyiq üçün əsas mexanizmlərdir və qrant verənlərin siyasi məqsədlərinin, iqtisadi maraqlarının reallaşdırılmasına xidmət edirlər.
Media təmsilçilərinin geosiyasi proseslərdəki rolu haqqında ilk dəfə faransız geosiyasi məktəbinin tanınmış simalarından olan İv Lakostun əsərlərində söhbət açılır. Fransız geosiyasətçisi hələ ötən əsrin 60-cı illərində kütləvi informasiya vasitələrinin geosiyasi proseslərə həlledici təsir imkanlarına malik olacağını proqnozlaşdırırdı.
Əgər ilk geosiyasi konsepsiyalarda geosiyasi məkan amilini coğrafi kateqoriyalar müəyyənləşirdisə, yəni coğrafi mövqe, dağlar, çaylar, dənizlər dövlətin xarakterinin, siyasətinin, hətta xalqın taleyinin göstəricisi kimi təqdim olunurdusa, XX əsrin ortalarından başlayaraq, bu anlayışların məna yükü dəyişməyə və genişlənməyə, zaman və məkan çərçivəsindən çıxmağa başladı.
İnformasiya və kommunikasiya texnologiyaları inkişaf etdikcə geosiyasi məkan anlayışı təkcə coğrafi ərazi olaraq deyil, eyni zamanda informasiya məkanı anlayışı kimi də qəbul olundu.
İnformasiya məkanı maraqların mübarizəsi, siyasi və geosiyasi gedişlərin manipulyasiyası, sosial-psixoloji təsir və təzyiq vasitəsi kontekstində ön plana çıxdı, yeni ictimai-siyasi və iqtisadi münasibətlər, dəyərlər sistemi formalaşdı, ənənəvi geosiyasi istiqamətlərə ilk baxışda daha mürəkkəb görünən elementlər əlavə olundu.
Şübhəsiz ki, mahiyyət olduğu kimi qaldı, hədəflər dəyişmədi, sadəcə hədəfə çatmaq üçün istifadə olunan vasitələr yeniləndi, daha mürəkkəb və daha aldadıcı xarakter aldı...
Hibrid informasiya savaşının klassik və yeni elementləri
Müasir dövrdə istər daxili siyasi, istərsə də qlobal geosiyasi prosesləri media və sosial şəbəkələr olmadan təsəvvür etmək mümkün deyil.
XXI əsrin əvvəllərindən dünyada cərəyan edən əsas geosiyasi proseslərin idarə edilməsi, beynəlxalq münasibətlərin tənzimlənməsi, ölkələrin milli təhlükəsizliyinin təmin olunması və digər məsələlərdə ənənəvi hərbi-geostrateji, coğrafi-ərazi, iqtisadi, siyasi, sosial və digər problemlərlə yanaşı, dövlətlərin informasiya fəaliyyəti və təhlükəsizliyi məsələsi də ciddi müzakirə mövzusudur. İdarə okunan azlığın çoxluq üzərində hakimiyyəti konsepsiyasına söykənən virtual informasiya məkanının gündən-günə genişləndiyi, milli informasiya mühitininin pozulduğu, milli dəyərlərin meyarlarının və sədlərinin "universallaşdığı” müasir dünyada beynəlxalq və yerli ictimai rəyin idarə olunması, siyasi proseslərin məqsədli şəkildə yönləndirilməsi getdikcə daha da aktuallaşır.
Hələ ötən əsrin əvvəllərində alman filosofu və kultroloqu Osvald Şpenqler özünün məşhur "Avropanın qürubu” əsərində yazırdı ki, müəyyən dövrdən sonra bir neçə böyuk qəzet digərlərinin informasiya siyasətini müəyyənləşdirəcək və informasiya məkanına hakim olmaqla xalqların iradəsini idarə edəcək. Təbii ki, Osvald Şpenqlerin zamanında yalnız çap mediası mövcud idi və alman filosofu elektron medianın, sosial şəbəkələrin nəhayətsiz təsir imkanlarını proqnozlaşdıra bilməzdi. Amma "Avropanın qürubu” əsərində yer alan bu fikirləri kütləvi informasiya vasitələrinin geosiyasi rolu müstəvisindən dəyərləndirsək, medianın heç də yeni, yaxud gənc geosiyasi alət olmadığını deyə bilərik.
İnformasiya və kommunikasiya texnologiyaları inkişaf etdikcə geosiyasətin ənənəvi istiqamətlərinə də korrektələr olunur. İndi geosiyasətin müzakirə predmetləri təkcə dövlət, onun hərbi-siyasi və iqtisadi potensialından ibarət deyil. Müasir dövrdə milli təhlükəsizliklə bağlı çağırışların siyahısı da kifayət qədər genişlənib. Hibrid informasiya müharibələrinin hədəfləri maddi dəyərlərlə, iqtisadi potensial sə siyasi sabitliklə yekinlaşmır. Bütün bu amilləri, xüsusilə də xalqın və onun yaratdığı dövlətin mövcudluğunu, inkişafını, özünümüdafiə imkanlarını təmin edən mənəvi faktorlar – milli təssübkeşlik, qürur, ləyaqət, dil, milli mədəniyyət də qlobal və virtual şahmat taxtasının üzərinə yatırılır.
İndi dünyaya hökm etmək üçün bu və ya digər qitəyə, dünya ökeanına sahiblənmək də yetərli deyil. Dövlətlərin geosiyasi potensialı təkçə maddi resurslarla məhdudlaşmır, həm də onların mənəvi gücünün, milli və dövlətçilik ruhunun sərhədlərinin genişliyi ilə ölçülür. Bu gün bu və ya digər dövlətin gücünü zəiflətmək üçün onun maddi resurlarının hədəfə alınmasına bir çox hallarda ehtiyac qalmır. Transmilli kütləvi informasiya vasitələri və çağdaş informasiya və kommunikasiya vasitələrindən yararlanmaqla milli mədəniyyətin, dilin, mənəvi dəyərlərin sıradan çıxarılması əslində elə dövlətin özünümüdafiə mexanizmlərinin məhv edilməsi deməkdir.
Lakin qeyd etmək lazımdır ki, transmilli kütləvi informasiya vasitələri, sosial şəbəkələr və geosiyasi alət kimi klassik hesab edilməyən digər yeni mexanizmlər tarix boyu mövcud olan siyasi texnologiyaların yenilənmiş və daha çevik şəkildə tətbiq edilməsi mümkün olan nümunələridir. Əgər bir neçə yüz il əvvəl səlib yürüşlərindən öncə qəsb edilməsi nəzərdə tutulan ərazilərə missionerlər göndərilirdisə, indi artıq bunun üçün dənizləri aşmağa, səhraları keçməyə ehtiyac qalmır.
Hazırda bir ölkənin başqa dövlətin ərazisində mövcud informasiya sistemlərini nəzarət altına alması və yaxud idarə etməsi yalnız onun hərbi və milli təhlükəsizlik məsələlərinə təsirlə yekunlaşmır. Bu, həm də yerli ictimai rəyin kənar təsirlərə məruz qalmasına və idarə edilməsinə, ölkənin idarəçilik sisteminin pozulmasına və iflic olmasına səbəb ola bilər.
Nümunə üçün yaxın keçmişdə Misirdə baş verənləri xatirlayaq. O zaman hadisə yerindən canlı yayıma qoşulan Əl-Cəzirənin reportyoru Den Nolan, CNN-nin şərhçisi Anderson Kuper, Neşnl Publik Radisunun aparıcısı Endi Karvin radikal şüarlar səsləndirir, dövlət qurumlarına qarşı insanlarda nifrət oyatmağa çalışırdılar.
Biz eyni yanaşmanın Liviyada da şahidi olduq. Bu gün Gürcüstanda baş verənlərin təməlində də fövqəlgüclərin geosiyasi maraqları və bu maraqların həyata keçirilməsində rupor rolunu oynayan transmilli medianın və digər hibrid informasiya müharibəsi alətlərinin söz və fikir azadlığı kimi ümumbəşəri dəyərlərə etdiyi xəyanətlər dayanır.
Müasir dövrdə "yumşaq güc” və "yumşaq təhlükə” anlayışları özünün klassik təqdimatlarından kifayət qədər fərqlənir. İndi "yumşaq güc” anlayışı özünün ənənəvi istifadə alətlərininin - "nüfuz müvəkkilləri”, yaxud "beşinci kolon” adlandırdığımız şəbəkələrin sabotaj xarakterli fəaliyyətindən daha çox yeni texnologiyaların iştirakı ilə həyata keçirilən sosial-siyasi, iqtisadi və mədəni proseslərdə büruzə verir.
Yeni texnologiyalar dünya siyasətinin ənənəvi mahiyyətini dəyişir, siyasi oyunçular arasındakı klassik ierarxiya münasibətləri öz yerini şəbəkə strukturlarına verir.
Hazırda "yumşaq güc”ün tətbiqi prosesində qlobal oyunçulardan daha çox potensial və manevr imkanları tələb edən 5 əsas istiqamət nəzərə çarpır.:
Birinci istiqamət xarici siyasətdir – buraya mədəni və ictimai diplomatiyanı daxil etmək olar.
İkinci istiqamət şəbəkə strukturları, üçüncüsü media, dördüncüsü internet və sosial şəbəkələr, beşincisi isə dini təsisatlardır.
Müasir informasiya və texnologiya vasitələrinin inkişafı isə bu istiqamətlər arasından internet və sosial şəbəkələri daha ön plana çıxarır və sosial şəbəkələr "yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir.
Sosial şəbəkələr həm də kommunikasiya vasitəsidir. Bu səbəbdən də daha geniş kütlələrin əhatə olunmasına imkan yaradır və onların şüuru ilə manipulyasiya imkanlarını dəfələrlə artırır. Artıq çox sürətlə və yüksək dinamika ilə milyonların şüuruna təsir etmək mümkündür. Bu isə ictimai rəyi idarə etməyi xeyli çətinləşdirir.
Təbii ki, sosial şəbəkələrin siyasi proseslərə təsirinin qarşısını almaq mümkün deyil. Çünki bu şəbəkələr siyasi proseslərə təsir göstərmək üçün, informasiya məkanının qloballaşdırılaraq idarə edilməsi məqsədilə uzun illər boyu fövqəlgüclərin beyin mərkəzlərində hazırlanan və gerçəkləşdirilən layihələrdir.
İnternetin və sosial şəbəkələrin öz əhatə dairəsini genişləndirməsi artıq kiberməkan və kibergeosiyasət kimi yeni anlayışların meydana gəlməsinə zəmin yaradıb. Kiberməkan geosiyasi eksperimentlərin, yeni siyasi texnologiyaların həyata keçirilməsi üçün daha əlverişli imkanlar yaradır. Artıq ayrı-ayrı ölkələrdə baş verən prosesləri nəzarətdə saxlamaq və öyrənmək üçün cəsus şəbəkələrinin saxlanılmasına, vətəndaş cəmiyyəti institutları adı altında fəaliyyət göstərən nüfuz müvəkkillərinə çox da böyük ehtiyac qalmır. Bütün eksperimentlər kiberməkanda aparılır və ehtiyac duyulduğu halda eyni sosial çətir altında toplanmış qruplar vasitəsilə real məkanda həyata keçirilir.
Kiberməkanın unikallığı ondadır ki, burada virtial proseslərlə real proseslər iç-içədir, onları bir araya gətirmək, istiqamətləndirmək isə an məsələsidir.
Real və kiber geosiyasi məkanın yeni mexanizmləri şübhəsiz ki, hansısa virtual şüur vasitəsilə idarə olunmurlar. Onları idarə edən, istiqamətləndirən beyin mərkəzləri və "yumşaq güc” texnologiyasının əvəzedilməz oyunçuları olan, "demokratiya”, "insan hüquq və azadlıqları”, "mətbuat, söz və fikir azadlığı” kimi fundamental dəyərlərin arxasında gizlədilmiş beynəlxalq hüquq-müdafiə təşkilatlarıdır. Qlobal güc mərkəzlərinin nəzarətində olan bu təşkilatlar bir qayda olaraq ötürücü funksiyasını yerinə yetirirlər. Yəni istər real, istərsə də kiber geosiyasi məkanda həyata keçirilməsi nəzərdə tutulan hər hansı bir ssenari üçün zəmin bu təşkilatların və onların nəzarətində olan cəsus şəbəkələrinin iştirakı ilə yaradılır.
Konkret nümunəyə müraciət edək: İraqa hücum ərəfəsində Beynəlxalq Amnistiya Təşkilatı, Freedom House, "Hyuman Right Vatç” kimi qurumlar İraqda, xüsusilə də etnik qrupların yaşadıqları ərazilərdə kimyəvi silahın tətbiqi və kütləvi məzarlıqların tapılması barədə hesabatlar yaydılar. Bu hesabatlar qarşı tərəfin mövqeyi əks olunmadan transmilli media tərəfindən tirajlandı, transmilli şirkətlər İraq iqtisadiyyatını sıradan çıxarmaq üçün hərəkətə keçdilər, sosial gərginlik artırıldı, əhalinin və ordunun müqavimət gücü azaldıldı və nəticədə işğal üçün əlverişli zəmin yaradıldı... Bir müddət sonra eyni texnologiyaların yerli şəraitə və vəziyyətə uyğun redaktə və korrektələrlə Şimali Afrika və Aralıq dənizi hövzəsində də həyata keçirildiyinin şahidi olduq... Yenə də eyni oyunçuların iştirakı ilə... Yenə də Amnesty international, Freedom House, "Hyuman Right Vatç” və eyni transmilli təxribat şəbəkəsi...
Şübhəsiz ki, ictimai rəyin formalaşdırılması, təzyiq və təhdid üçün münbit şəraitin yaradılması məqsədilə istifadə edilən mexanizmlərin sayı təkcə insan hüquqları, söz və mətbuat azadlığı təşkilatları ilə yekunlaşmır. Bu qurumların fəaliyyəti və açıqladıqları hesabatlarda istinad mənbələrinin təmin edilməsi, beynəlxalq şəbeh tamaşalarının dramaturiji əsaslarını yaratmaq üçün sorğu mərkəzlərinin, reytinq agentliklərinin dəstəyinə də ehtiyac duyulur. Sorğunun necə, harada və hansı şəraitdə keçirilməsi isə hec bir önəm daşımır. Əsas odur ki, virtual aləmdə bu sorğu mərkəzlərinin və reytinq agentliklərinin çoxluq tərəfindən qəbul edilə bilən obyektiv qurum imici yaradılsın. Bu imic isə yenə də eyni transmilli media, eyni şəbəkə tərəfindən formalaşdırılır...
Yeni çağırışlara cavab vermək üçün real geosiyasi məkanda olduğu kimi kibirməkanda da təhlükəsizliyimizin təmin olunması qarşımızda dayanan ən önəmli vəzifələrdən biridir. Transmilli medianın, sosial şəbəkələrin, beynəlxalq bəhanə təşkilatlarının yaratdığı idarə olunan xaotik informasiya mühitində milli maraqlarımızın qorunmasının yolu informasiya təhlükəsizliyimizə konseptual yanaşmaqdan və real alternativlərin yaradılmasından keçir.
Elçin Mirzəbəyli
Milli Məclisin deputatı,
Azərbaycan Respblikasının Əməkdar jurnalisti Xəbər 116 dəfə oxunub.