Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev tərəfindən “Samur” dövlət sərhəd buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı vəziyyəti yoxlanılıb.
DSX-dən verilən məlumata görə, Prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülən tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib. Şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.
Bu məqsədlə general-polkovnik E.Quliyev və gömrük xidməti general-leytenantı A.Əliyevin rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Prezidentin ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, turizm imkanlarının genişləndirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafeyinin qorunması ilə bağlı son zamanlar qəbul etdiyi qərarların və verdiyi göstərişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Bu tapşırıqlar baxımından “Samur” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.
Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.