General və rəisdən Mingəçevir hadisələri ilə bağlı ilk - AÇIQLAMA

General və rəisdən Mingəçevir hadisələri ilə bağlı ilk  - AÇIQLAMA

“Əgər mənim rəis olduğum dövrdə 4 ölüm hadisəsi olsaydı, indi məni çoxdan işdən qovmuşdular. 10 il əvvəl burada bir nəfər döyülüb, ona görə də 3 nəfər polis həbs olunub. Başqa hadisə olmayıb, yazılan 4 hadisənin nə olduğunu mən bilmirəm”.
Aktual.az xəbər verir ki, bunu Meydan TV-nin müxbirləri ilə söhbətində Mingəçevir şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov deyib.

Avqustun 23-də Mingəçevir şəhərində çəkiliş aparan Meydan TV-nin əməkdaşları şöbəyə dəvət olunublar. Onların suallarını baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhərinə ezam edilən DİN əməkdaşı, general Cavanşir Məmmədov və polkovnik Ələsgər Bədəlov cavablandırıblar.

Rəis bildirib ki, faktla bağlı CM-nin 125-ci maddəsinə uyğun olaraq cinayət işi başlanılıb: “7 dəfə mərhumun atası bu otaqda olub. Bütün tələblərinə əməl etmişik. Ekspertin dəyişdirilməsini istəyib, başqa yerdən gətirmişik. Bundan sonra 50 dəfə gəlsə, yenə qəbul edib, dinləyəcəyik. Özünə də demişik ki, şöbənin içərisindəki kameralar yalnız nəzarət üçündür, qeyd etmir. Ancaq bayırda olan görüntülərlə tanış etmişik. Məsələ ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb, hazırla saxlanılıb. Çünki Şahlar hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib. Mənim özümə də şiddətli töhmət verilib. Çox doğru qərardı, mənim də səhvim olub, nəzarətsiz buraxmışam”.

Cavanşir Məmmədov isə bildirib ki, qarşıdurmanın yaranmaması üçün mərhumun yaxınları ilə görüşüblər. Buna baxmayaraq, qarşıdurma baş verib: “Aksiya zamanı 15 nəfər saxlanılıb. Onların hamısı şöbədədir. Heç biri Gəncəyə aparılmayıb. Onlardan 6-7-nin işi prokurorluğa təqdim olunub, qalanları məhkəmə qərarı ilə yəqin ki, inzibati qaydada cərimələnəcəklər”.

Hazırda şəhərdə tam sakitlik olduğunu deyən Ələsgər Bədəlov bildirib ki, videogörüntülərlə aksiyanın keçirilməsinə çağırış edən şəxslər müəyyənləşdirilir. O, videogörüntülərə düşmüş 3 nəfərin bölməyə gətirildiyini təsdiqləyib: “Aksiya zamanı 10 polis əməkdaşı müxtəlif bədən xəsarətləri alıb. Prokurorluğun müstəntiqi isə morqda meyiti müayinə edərkən döyülüb. Faktla bağlı araşdırma başlanıb. Hamı bilməlidir ki, polis də cavab verəcək, vətəndaş da. Hələ heç vətəndaş bilmir ki, polis həbs olunub. Heç kimə ixtiyar verilmir ki, qanunu pozsun. Dövlətin vəzifəsi vətəndaşını qorumaqdır, ona görə də lazım gələndə gücünü göstərməlidir”.

/ Aktual.az

Xəbər 1240 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR