Bu gün fəal gənclər təşkilatlarından biri olan Gənclər üçün Təhsil Mərkəzi 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatını təqdim edib. Bu məqsədlə mətbuat nümayəndələri qarşısında Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə hesabatı dinlənilib. Bildirib ki, Mərkəz ənənəvi olaraq, başa çatmış ildə gördüyü işlərə qiymət vermək, fəaliyyətində şəffaflığı təmin etmək, o cümlədən yeni ildə qarşıda duran vəzifələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə bu formatda toplantılar təşkil edir.
Daha sonra Mərkəzin illik hesabatı dinlənilmişdir. Bildirilmişdir ki, Mərkəz ötən illərdə olduğu kimi 2016-cı ildəki fəaliyyətini əlaqələndirmək məqsədilə Bakı, Gəncə, Mingəçevir, Qarabağ (Ağcabədi), Quba və Şirvan regional ofislərinin imkanlarında istifadə etmişdir. Mərkəz əhatə dairəsini genişləndirmək məqsədilə 2016-cı il Azərbaycanın "Gənclər Paytaxtı” seçilmiş Şəmkir rayonunda da nümayəndəliyinik yaratmışdır.
Qeyd olunmuşdur ki, Mərkəz ötən il ərzində "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritet istiqamətlərinə uyğun olaraq, ümumi sayı 123 olmaqla 35 iri və 88 kiçik miqyaslı layihə həyata keçirmişdir. Sözügedən layihələrin maliyyələşdirilməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Unicef Bakı Ofisi, Avropa İttifaqının "Gənclər fəaliyyətdə” Proqramı və digər qurumlarla əməkdaşlıq etmişdir. Layihələr Azərbaycanın 35-dən çox şəhər və rayonunda həyata keçirilmiş, ümumilikdə 10 min nəfərdən çox insana təsir etmişdir.
Hesabat dövründə "Multikulturalizm ili” çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında "Multikultural marafon” adlı kampaniya həyata keçirilmiş, Azərbaycanın multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verildiyi, ölkəmizin tolerantlıq ənənələri və mədəni dəyərləri təbliğ olunmuşdur.
İl ərzində gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə ardıcıl iş aparılmış, müxtəlif tədbirlər həyata keçirilmişdir. Qanlı Yanvar, Xocalı soyqırımı, eyni zamanda Qarabağ münaqişəsi haqqında real faktların dünya ictimaiyyətinə çatdırılması məqsədilə sosial şəbəkələrdə 5 dildə (ingilis, rus, alman, fransız, türk) virtual aksiyalar təşkil olunmuş, təbliğat işi aparılmışdır. Göstərilənlərlə yanaşı, gənclər arasında Qarabağla bağlı silsilə intellektual bilik yarışları keçirilmiş, 31 Mart azərbaycanlılarının soyqırımı günündə yeniyetmə və gənclərin Quba məzarlığına yürüşü təşkil edilmişdir.
Gənclərin rəqabətə davamlılığını təmin etmək və onların beynəlxalq aləmdə Azərbaycanın maraqlarını müdafiə etməsinə şərait yaratmaq məqsədilə beynəlxalq əməkdaşlığa üstünlük verilmişdir. Avropa Gənclər Klubları Konfederasiyasının tamhüquqlu üzvü olan Mərkəz vasitəsilə 50-ə qədər gənc müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmişdir. Avropa İttifaqının "Erasmus+ proqramı çərçivəsində də çoxlu sayda gənc müxtəlif təlim, konfrans və forumlarda iştirak etmişdir. 2016-cı il ərzində Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə Avstriya Təhsil Nazirliyi yanında Təhsildə Bərabərlik Koalisiyasının idarə heyətində təmsil olunmuşdur.
Region gənclərinin məşğulluğunun artırılması, gənclər arasında peşə təhsilinin stimullaşdırılması məqsədilə regionlarda Peşə Təhsili üzrə Regional Məsləhət Xidməti və Karyera Planlama Xidməti fəaliyyət göstərmiş, Quba rayonunda gənclər üçün Biznes Planlama Xidməti yaradılmışdır. Həmçinin Samux rayonunda xidmətimizdən yararlanan gənc xanımlar tərəfindən Moda Evi , Füzüli rayonunda gənc xanımların peşə bacarıqlarının artırılması üçün bərbər və dərzi kursları, Ağcabədi rayonunda aztəminatlı ailələrin qız övladları üçün tikiş və toxuculuq kursu fəaliyyətə başlamışdır. Aqrar təsərrüfat ilə məşqul olan gənclərin bu sahədə təcrübə və bacarıqlarının artırılması üçün Gənc Sahibkarların Quba Forumu keçirilmişdir.
İl ərzində region gənclərinin problemlərinin öyrənilməsi, onların əlaqədar qurumlarla birgə müzakirəsi və gənclərlə işin prioritet olması məqsədilə Gəncə və Mingəçevir şəhərlərində, habelə Quba və Ağcabədi rayonlarında "Region Gənclərinin İnkişafına Dəstək Forumu” keçirilmişdir.
2016-cı ildə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və dəstəklənməsi istiqamətində 4 regionda "Qızıl Payız” Gənclərin Yaradıcılıq Festivalı keçirilmiş, Gəncə şəhərində gənc rəssam Elçin Cəfərovun rəsmləri nümayiş etdirilmiş, gənclər tərəfindən Rəşid Behbudov və digər korifey musiqiçilərimizin xatirəsinə həsr olunmuş gecələr təşkil olunmuşdur.
Gənclər arasında sağlam həyat tərzinin təbliği, onların sağlamlıq imkanlarının artırılması istiqamətində də işlər davam etdirilmiş, Bakı şəhərinin 7 rayonunda "Məktəblilərin Sağlamlıq Forumu”, Qarabağda uşaqlar üçün "Mobil göz klinikası” layihəsi, Gəncə şəhərində isə "Əlil Tələbələrin I Forumu”, "Sağlam gənclik” kampaniyası gerçəkləşdirilmişdir.
Ötən il Mərkəz region gəncləri arasında maarifçilik işinin təbliği, gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə "Kitablar danışır” kitab festivalı, məktəblilərin intellektual bilik yarışları, gənclərin ideya yarmarkaları keçirilmişdir.
Mərkəz ötən il gənclər arasında sosial məsuliyyətin artırılmasına yönəlmiş proqramlara da üstünlük vermişdir. Belə ki, əlilliyi olan gənclərin təhsil imkanlarının artırılması istiqamətində "Qarabağ inkluziv təhsil və uşaq inkişaf mərkəzi”, valideyn himayəsindən məhrum olan uşaqlar üçün "Onların Kimsəsi Bizik”, "Ehtiyacın varsa götür” aztəminatlı ailələrə yardım kampaniyası, daun sindromlu uşaqlar üçün təşkil olunan "Qəlblərdə döyünən nar dənələri”, "Biz birik, Bərabərik, Həmrəyik” xeyriyyə aksiyalarını da reallaşdırmışdır.
Hesabat dövründə Unicef Bakı Ofisi ilə birgə regionda yeniyetmə və gənclər arasında hüquqların təbliğinə hesablanmış "Yuvenal Ədliyyə” layihəsinin icrasına başlamışdır . Bu istiqamətdə 3 regionda Mingəçevir, Ağcabədi, Şirvanda Hüquq Klinikaları yaradılmışdır. İl ərzində Mərkəzə 1000-dən çox müraciət daxil olmuşdur. Həmçinin uşaqlar üçün ədliyyə mexanizmlərinin dəstəklənməsi proqramı çərçivəsində Ağcabədi rayonunda Uşaq Hüquqları Məktəbi fəaliyyət göstərmişdir.
Mərkəz hər il olduğu kimi, 2016-ci ildə də "QHT Məktəbi”nin yaz və payız təlimlərini davam etdirmişdir. Əsası 2002-ci ildə qoyulmuş və bu gün də davam edən Məktəbin fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə ötən il Azərbaycan Turizm və Menecment Universiteti ilə anlaşma memorandumu imzalanmış, təlimlərin birgə keçirilməsi razılaşdırılmışdır. 2016-cı ildə "QHT Məktəbi” Füzuli, Gəncə, Quba, Ağcabədi və Sumqayıtda da fəaliyyətə başlamışdır.
Gənc jurnalistlərin praktiki və nəzəri biliklərinin artırılmasını nəzrədə tutan və 23 dərsdən ibarət "MediaMan” jurnalistika məktəbi də ötən il ərzində uğurla davam etdirilmişdir.
Hesabat ilində Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində tələbələrə güzəştlər təklif edən, onların asudə vaxtının səmərəli keçməsinə və şəxsi inkişafına yönəldilmiş "1inci club” layihəsi start götürmüşdür. Hazırda yüzlərlə gənc bu klubun üzvüdür.
Ötən il gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün Mərkəzin Dağçılıq klubu tərəfindən Heydər Əliyev zirvəsinə, Türkiyənin Qızılqaya zirvəsinə gənclərin yürüşü təşkil olunmuş, müxtəlif rayonlarda gənclər arasında şahmat çempionatları, Qubada gənclərin velosiped yürüşü, ekoloji turizm marşrutları və s. təşkil olunmuşdur.
Hesabat dinlənildikdən sonra F.Həsənzadə jurnalistlərin suallarını cavablandırmış, 2017-ci ildə həyata keçiriləcək bir sıra yerli və beynəlxalq layihə barədə məlumat vermişdir.
Xəbər 458 dəfə oxunub.