Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə vətəndaşlara qayğı gündən-günə artırılır, onların müraciətlərinə maksimum diqqət göstərilir.
Aktual.az xəbər verir ki, Milli Məclisə Gəncədən seçilmiş deputatların iştirakı ilə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin keçirdiyi vətəndaşların qəbulunda 160 nəfərə yaxın şəhid ailəsi və Qarabağ müharibəsi əlilinin müraciəti dinlənildi.
İcra başçısı Elmar Vəliyev Gəncədə yeni fəaliyyətə başlayan «Gəncə Beynəlxalq Xəstəxanası»nda hər həftənin 5-ci günləri pul ödənilmədən imtiyazlı ailələrin üzvlərinin müayinə və müalicə olunacağını elan etdi. İcra başçısının bu sözləri qəbula gələnlər tərəfindən böyük razılıqla qarşılandı.
Qarabağ müharibəsi əlili Elxan Qurbanov ona maddi yardım göstərilməsi üçün müraciət etdi. İcra başçısı ona həm maddi yardım göstərilməsi, həm də əlil arabası ilə təmin olunması üçün tapşırıq verdi. E.Qurbanov göstərilən qayğı üçün ölkə başçısına minnətdarlığını bildirdi və vurğuladı ki, Gəncədə müharibə əlillərinə böyük qayğı göstərilir, bu isə bizim yaşam gücümüzü artırır.
Elxan Muxtarov ona yardım göstərilməsi, şəhid anası Fizulət Rzayeva evinə qaz xəttinin çəkilməsi, Elşad Quliyev müalicə olunması, Qəşəm Əhmədov isə mənzilinə su xəttinin çəkilməsi üçün müraciət etdilər.Müraciətlərin müsbət həlli üçün dərhal tapşırıq verildi, konkret olaraq vaxt müəyyənləşdirildi, özü də çox qısa zamanda.
Maddi yardım, torpaq məsələsi, eləcə də insanların sağlamlıqları ilə bağlı müraciətlərin dəqiq və operativ həlli üçün qəbulda iştirak edən idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Növbəti qəbul da vətəndaşların arzu və istəklərinin, müraciətlərinin həllində mühüm addım oldu.