Bu gün hər birimizin qürur mənbəyimiz olan Azərbaycanın Dövlət Bayrağı Günüdür.
Bu tarixi bayram günü münasibəti ilə Heydər Əliyev Mərkəzində təntənəli tədbir keçirilib. Tədbirdə şəhər rəsmiləri, ziyalılar, ağsaqqallar, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə hörmət və ehtiram ifadəsi olaraq, təzə-tər gül dəstələri qoyulub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib və müqəddəs üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyünün və toxunulmazlığının simvolu olduğunu bildirib. Azərbaycançılıq, vətənpərvərlik ideyalarına sadiq qalmağın, bayrağımızın şərəfini hər yerdə qorumağın hər bir azərbaycanlının müqəddəs borcu olduğunu qeyd edib. Müstəqillik qazandıqdan sonra əldə olunan uğurlardan danışan Sevda Qurbanəliyeva bu inkişafı Gəncənin timsalında faktlarla diqqətə çatdırıb. Sonra GDU – nun prorektoru dosent Pərvin Kərimzadə, ADAU - nun kafedra müdiri, dosent Azad Bayramov, ATU - nun baş müəllimi Rauf Hacıyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, xalq artisti Məmmədəli Balayev və başqaları çıxış edərək, müstəqilliyimizin, istiqlaliyyətimizin, doğma Vətənimizin simvolu olan Milli Bayrağımızın hər birimiz üçün müqəddəs olduğunu vurğulayaraq, Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti, iradə və qətiyyəti sayəsində tezliklə Bayrağımızın Suşada, Xankəndində və digər işğal altında olan ərazilərimizdə dalğalanacağını bəyan etdilər. Tədbirdə Azərbaycanın Dövlət Bayrağına həsr olunmuş, müəllifləri tərəfindən söylənilən şeirlər də böyük maraq doğurub.
Süsən Tağıyeva