Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Zaur Orucovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Aktual.az Demokrat.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 10-na təyin olunub.
İttihama görə, Zaur Orucov Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı bıçaqlayaraq qətlə yetirib.
Zaur Orucov polis əməkdaşları tərəfindən yaxalanıb. İstintaq araşdırması zamanı məlum olub ki, hadisədən əvvəl Nuranə Quliyeva ərindən boşanmaq istəyib. Buna görə də onların arasında mübahisə yaranıb. Nuranə Quliyeva Zaur Orucovu yaşadıqları evdən qovub.
2019-cu il noyabrın 15-də, gecə saatlarında evə gələn Zaur Orucov qapını bağlı görüb. O, evin pəncərəsindən içəri daxil olub və yataqda yuxuda olan Nuranə Quliyevaya 8 bıçaq zərbəsi vurub.
Qadın Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən Zaur Orucovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Xəbər 526 dəfə oxunub.