Gəncə artıq rəsmi olaraq Avropa Gənclər paytaxtıdır.
Nizami yurdu bu il şəhərimizə üz tutacaq xarici qonaqları qəbul etməyə hazırlaşır. Bu istiqamətdə daha bir yenilik həyata keçirilib. Belə ki, şəhərin küçələrində "Gəncə Avropa Gənclər Paytaxtı-2016" loqolu taksilərə rast gəlmək olur.
Bu maraqlı təşəbbüs Naxçıvan Avtomobil Zavodu tərəfindən irəli sürülüb. Müəssisədə istehsal olan NAZ Lifan avtomobilləri "Gəncə AGP-2016" loqoları ilə bəzədilərək Nizami yurduna göndərilib. Hazırda şəhərdə fəaliyyət göstərən bu cür taksilərin sayı 6-dır. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulub.
Məqsəd Rəhimov - NAZ-ın mətbuat xidmətinin rəhbəri: "Şəhərimizin “Avropa Gənclər paytaxtı” olması ilə əlaqədar, şəhərimizə Avropadan və dünyanın müxtəlif ölkələrindən xeyli sayda həm qonaqlar, həm də turistlər gələcək. Gəncə İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən şəhərdə irimiqyaslı tikinti-abadlıq işləri aparılır. Görülmüş işlərin nəticəsində Gəncə günü-gündən inkişaf edir, gözəlləşir, sakinlərin rahatlığı ən yüksək səviyyədə təmin olunur. Təbii ki,belə bir şəraitdə müasir standartlara cavab verən taksilərin şəhərimizdə fəaliyyət göstərməsi vacibdir. Bu baxımdan da Naxçıvan Avtomobil Zavodu Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyinin yaratdığı şəraitə müvafiq olaraq Gəncədə belə bir xidmətin fəaliyyət göstərməsini planlaşdırdı".
Bu taksilərin sürücüləri vahid formadan istifadə edir. Qısa vaxt ərzində istismara verilməsinə baxmayaraq, taksilər şəhər sakinlərinin marağına səbəb olub.
Nicat Mahmudov - sürücü: "Tələbat var. Minirlər, gəzdiririk şəhərdə. Turistlər də gələndə otururlar taksilərə, gəzdiririk. Tarixi abidələrimizlə tanış edirik, gəzməli-görməli yerlərə aparırıq. Məsələn, Nizami məqbərəsidir, Şah Abbas Məscididir və s".
Yaxın vaxtlarda taksilərə taksometrlər də quraşdırılacaq ki, bu da dünya təcrübəsinin şəhərimizdə tətbiqi deməkdir.
Sakinlər, xüsusi ilə də şəhərə gələn xarici qonaqların taksilərdən istifadəsini asanlaşdırmaq üçün çağrı mərkəzinin yaradılması da planlaşdırılır.
Gəncədə yeni taksi xidməti ilə məşğul olmaq istəyənlər 11500 manat ödəməklə və ya ikin 2000 manat, ayda 361 manat olmaqla 3 il muddetinə hissə hissə ödəməklə “Naz Lifan” taksiləri əldə edə bilər.