Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonunda Tibb Universitetinin IV kurs tələbəsi, 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə doqquz mərtəbəli yaşayış binasının damından özünü ataraq intihar edib. Məlumata görə, tələbə qız mobil telefonundakı bütün nömrələri sildikdən sonra operator kartını sındırıb. Özünü damdan atdıqdan sonra əvvəlcə ağaclardan birinin üzərinə düşən Türkan Həsənzadə daha sonra yerə yıxılıb.
Aktual.az xəbər verir ki, hadisənin təfərrüatlarını öyrənmək üçün musavat.com-un müxbiri hadisə yerinə baş çəkib.
Qeyd edək ki, mətbuatda intihar edən gənc qızın Nizami rayonu, R.Rüstəmov küçəsində yaşadığı qeyd edilsə də, binanın həyətində hər hansı yas çadırına rast gəlmədik. Hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərin sözlərinə görə, mətbuatda yazılanlar yanlışdır və Türkan Həsənzadə həmin ərazidə yaşamır. Onun intihar üçün niyə məhz bu binanın damını seçməsini də heç kim bilmir.
İntihar edən gənc qızın binanın damından düşdüyü yerə getsək də, burada hadisəyə dair heç bir iz yox idi. Yerdə qan izinə rast gəlmədik. Ətrafda yaşayan sakinlər dedilər ki, elə onları da ən çox təəccübləndirən budur.
Adının çəkilməsini istəməyən hadisə şahidlərindən biri intiharın baş verməsi anını belə danışır: “Gecə saat 12 olardı. Bayırdan gələn tappıltı səsinə çölə çıxdıq. Yerdə bir gənc qızın cəsədi var idi. Meyitdə heç bir zədə izi yox idi. Sanki, əllə gətirib qoymuşdular. Yerdə bir damla da qan yox idi. Bu duruma biz məəttəl qaldıq. Daha sonra polis əməkdaşları gəlib meyiti apardılar”.
Digər bir sakin isə bu hadisənin intihar olmasına şübhə ilə yanaşdığını dedi: “Sonradan dedilər ki, özünü binadan atıb, ağaca ilişib və sonra yerə düşüb. Bəs necə olub ki, heç bir xəsarət almayıb, heç yeri qanamayıb”.
Sakinlərin sözlərinə görə, binanın dördüncü blokunun beşinci mərtəbəsinin çıxışı açıq olduğundan məhz bu binanın damına çıxmağa müvəffəq olub. Şahidlər deyir ki, intihar edərkən Türkan Həsənzadənin çantası ilişib ağacda qalıb. Mobil telefonu və sındırılmış şəkildə olan telefon nömrəsi isə binanın damında tapılıb. Şəxsin kimliyini cibindəki tələbə bileti ilə təyin etmək mümkün olub.
Bina sakinlərinin sözlərinə görə, hadisədən sonra mərhumu tanıyanlardan cəmi bir nəfər hadisə yerinə gəlib və özünü şübhəli şəkildə aparıb: “Orta yaşlarda bir kişi gəldi və soruşdu ki, buradan bir qız özünü atdı, siz onu gördünüz? Biz də hadisəni təsdiqlədik. Sonra qızın əlamətlərini və dəqiq ölüb-ölmədiyini soruşdu. Cavab aldıqdan sonra çıxıb getdi”.
İntihar hadisəsi ilə bağlı əraziyə nəzarət edən Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin 4 nömrəli sahə rəisi ilə əlaqə saxladıq. Sahə rəisi bu barədə məlumat verməkdən imtina etdi.
Aktual.az