Gənc jurnalistlər və s. haqqında

Gənc jurnalistlər və s. haqqında

Ötən həftənin ikinci yarısını yollarda keçirdim. İsmayıllı, Quba və Xaçmaza səfər etdim. Maraqlı müşahidələrim oldu ki, onları paylaşmağı vacib sandım.


İsmayıllıya “İrəli” İctimai Birliyinin dəvətlisi olaraq getdim. Burada təşkilatın “Gənc Əkinçi Akademiyası” layihəsi çərçivəsində gənc jurnalistərlə təcrübə mübadiləsi etməliydim. Ona görə də cümə günü Bakıdan ayrılıb İssmayıllıya yollandım.


Bir dəfə də yazmışdım, təkrarlamaqda fayda olduğundan yenə də qeyd edirəm: Bakı-Şamaxı yolu çox rahat və abaddır. Amma Şamaxı-İsmayıllı yolu haqda bunu hələ ki, demək olmaz. Həm enişli-yoxuşlu (buna görə təbii ki, kimsəni qınamaq olmaz), həm də bəzi yerlərdə kələkötür olması cəmi 50 km-lik yol haqda arabir tənqidə də yer saxlayır.


Amma hər şeyin yaxşı tərəfini də görməyə alışdığımdan deyim ki, bunun özü də bir gözəllikdir. Çünki insan o dağların içindən yavaş-yavaş keçməklə təbiətdən həzz də ala bilir.


Bu dəfəki səfərimdə diqqətimi ən çox çəkən o oldu ki, İsmayıllıda əməlli-başlı səliqə-sahman hökm sürür. Şamaxı-İsmayıllı yolunun İsmayıllıya aid hissəsinin hər iki tərəfi tərtəmiz, səliqəlidir. Hiss olunur ki, bura xüsusi qulluq edilir. Bizim qənaətimizi yol kənarındakı lövhələr də təsdiqləyir. Yol kənarları hissələrə bölünərək rayonun müxtəlif təşkilatlarının himayəsinə verilib. Onlar da bu himayəni yüksək səviyyədə gerçəkləşdirdiyi üçün təmizlik, səliqə göz oxşayır. Hələ yoldan keçərkən bir qrup şəxsin ağac əkdiyinin də şahidi oldum.


Gənclərin Lahıca təşkil etdiyi gəzinti də yaddaqalan oldu. Həyəcan dolu sıldırımlı yollardan keçib qəsəbəyə çatdıq. Burada da abadlıq, özəlliklə də tarixi yaddaşın qorunması dərhal gözə çarpır.



Gənc əkinçilər Lahıc gəzintisində


Bələdçimiz, Maarif adlı Lahıclı Qarabağ qazisi bizə həvəslə Lahıc haqqında danışdı. Suallarımızı cavablandırdı. Bir az axşama doğru olduğundan burada çox qala bilmədik. Amma Lahıcı bir ömür boyu unudulmayacaq xatirələrlə tərk etdik. Gənclər bu səfərdən çox məmnun görünürdülər.


Axşam yeməyini İsmayıllıda yedikdən sonra Qaraqaya istirahət mərkəzində gecəni dincəlib sabah erkəndən İsmayıllının mərkəzinə yollanırıq.


Qaraqayada bir sabah



“Gənc Əkinçi Akademiyası”nın müdavimləri gümrah görünürlər. Dərhal mətləbə keçirik və az sonra qızğın müzakirələr başlayır. Hiss edirəm ki, gənclər öyrənməyə, fikir mübadiləsinə çox hazır və açıqdırlar.


“İrəli” haqqında bir zamanlar məndə formalaşmış stereotiplər darmadağın olur. Qarşımda açıq fikirli, demokratik, fikir plüralizmi üçün ən yüksək şərait yaratmaqdan çəkinməyən bir təşkilat var!


Və təşkilatın gənc rəhbəri Mirhəsən Seyidov. İstənilən məsələni təmkinlə, açıq şəkildə müzakirə etməyi bacaran, heç bir ictimai-siyasi mövzuda söhbətdən çəkinməyən aydın fikirli, sağlam düşüncəli bir gənc var qarşımda. Açığı, buna çox sevindim. Çünki bir zamanların qapalılıq və əyləncələrlə ad çıxarmış “İrəli”sinin belə bir rəhbərlə belə bir şəkildə meydana qayıtması yalnız yaxşı perspektivdən xəbər verə bilər!


“İrəli”də diqqət çəkən bir məqam da təşkilatçılıq və nizam-intizam oldu. Burada hər şey saat kimi işləyir! Hər şey yerli-yerində, protokol, etiket normaları ən yüksək səviyyədədir. Hər halda, bəzən bəzi dövlət idarələrində özünübilməz gənc məmurlarla rastlaşdığım üçün bu gənclərin özlərinə qarşı belə tələbkarlığını dəyərləndirməyə bilməzdim.


Tədbirin mənə aid hissəsinin ardından çox sevdiyim sənətçilər Mənsum İbrahimov və Nəzakət Teymurovanın iştirakıyla H.Əliyev ad. İsmayıllı Rayon Mədəniyyət Evində “Leyli və Məcnun” operası göstəriləcəkdi.


Saat 12-də başlayacaq opera ən yaxşı halda saat 15-də başa çatacağından və yarımçıq tərk etməyə məcbur olacağımdan ürəyim orda qalsa da yola çıxıram. Gənclərlə sağollaşıb Qubaya, Azəri Gənclər Alyansının təşkil etdiyi “Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün qış məktəbi”nə yollanıram.


İsmayıllı haqqında onu da qeyd edim ki, yollarda olduğu kimi rayon mərkəzində də səliqə-sahman göz oxşayır. İcra başçısı Mirdaməd Sadıqov haqqında isə ən xoş sözləri eşitmək olar. Sadədir, işini biləndir, insanlarla davranışında nəzakət və sayğısında qüsur yoxdur. Hər halda, qısa müşahidələrim sonucu yalnız bu qənaətə gələ bildim. Özəl olaraq diqqətimi çəkən səliqə-sahmanı da nəzərə alsaq deyilənlər öz təsdiqini tapar demək.


Qarşıda məni 300 km-lik yol gözləyir. Bir zamanlar bu uzaqlıqda yol adama cəhənnəm əzabı kimi gələrdi. Amma indi elə deyil. 3 saatdan bir az artıq vaxta artıq Qubanın adına “Cənnət bağı” deyilən istirahət mərkəzinə çatıram.


Daha bir çalışqan gəncimiz Leyla Məmmədlinin başçılıq etdiyi Azəri Gənclər Alyansının tədbiri artıq başlayıb.


Qış məktəbinin ekspertləri


Tədbir haqda bir az sonra. Buna qədərsə Bakı-Quba yolundan “Cənnət bağı”na ayrılan yol haqda danışmaq istərdim. Qonaqkənd yolu adlanan hissəsi ən yüksək səviyyədədir. Həm mənzərə, həm də abadlıq baxımından bu yol bütün yaxşı sözlərə layiqdir. Amma bir qədər sonra Qonaqkənd yolundan çıxıb “Cənnət bağı”na yönəldikdə insanın bütün təəssüratları alt-üst olur! Artıq “cəhənnəm yolu” deyə biləcəyimiz bir yoldayam!


Kələkötür, bəzi yerlərdə dağılmış, eybəcər və tozlu bir yolla “Cənnət bağı”na gedə bilərsiniz…


4 ulduzlu olduğu deyilən istirahət mərkəzində xidmət haqqında heç də yüksək fikir söyləyə bilmirəm. İsmayıllının Qaraqayasında gördüyüm yüksək xidmətdən sonra burada belə bir münasibətə rast gəlmək heç də xoş deyil. Amma gənclərin kefini pozmamaq üçün buna o qədər də fikir vermirik. Üstəlik, buranın niyə 4 ulduzlu sayıldığını da hələ anlamış deyiləm. 4 ulduzun əsər-əlaməti yoxdur burda…


…Buradakı gənclər də çox fəaldırlar. Gələcəyin iddialı jurnalistlərini görürük qarşımızda. Müzakirə açırlar, mübahisədən çəkinmirlər və mövqelərini açıq şəkildə, sonadək müdafiə edirlər bunlar. Sevinirəm əlbəttə. Çünki Azərbaycan jurnalistikasının sabahı olacaq bu gənclər indidən bu qədər sərbəst və səmimidirsə, deməli, bizi daha üstün bir jurnalistika gözləyir qarşıda. Hərçənd, bəzi məsələlərdə bu gənclərin mühafizəkarlığı da diqqətimdən yayınmadı.


Ramiz Qusarçaylının çayını içirik


Qubada həm də Azərbaycanın tanınmış şairlərindən olan Ramiz Qusarçaylıyla bir çay içmə fürsətimiz oldu. Gec olsa da bizə zaman ayıran şairlə xeyli söhbət etdik. Şeirlərini, bölgənin ədəbi mühiti haqqında fikirlərini bizimlə paylaşdı. Barəsində aparılan qaralama kampaniyalarından da danışdı şair.


Bu arada onu da qeyd edim ki, Qubanın mərkəzindən fərqli olaraq arxa məhəllələr haqqında heç də xoş təəssürat yaranmır insanda. Buralar da “Cənnət bağı”na gedən yolun günündədir…


Qubada işimi bitirib bazar günü Xaçmaza yollanıram. Öz evimizə. Amma burada da çox qala bilmirəm. Bir neçə saatlıq ayağüstü ziyarətdən sonra insana gəl-gəl deyən bu yerdən də ayrılmalı oluram…


Xəbər 830 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR