Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında Seyidmalik Məmmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Xatırladaq ki, Seyidmalik Məmmədov özünü təqsirli bilib. Məhkəmədə sərbəst ifadə verən 60 yaşlı kişi bildirib ki, istintaqda nə yazılıbsa düzdür: "Qızı başqası ilə tutdum və öldürdüm. Cinayəti namus üstündə törətmişəm".
Qeyd edək ki, qətl ötən il Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu gəlini Aysel Məmmədovanı qətlə yetirib. Məlumata görə, S.Məmmədov hadisədən bir neçə gün əvvəl həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub.
S.Məmmədov onlara Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.
Həmin hadisədən sonra qonşuluqda yaşayan şəxs Bakını tərk edib. Gəlini isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi tüfənglə gəlinini güllələyərək öldürüb.
Aktual.az
Xəbər 645 dəfə oxunub.