Hər bir zövqlü xanım çalışır ki, dəblə ayaqlaşsın. Yeni trendlərdən dərhal xəbərdar olsun və onu geyimlərinə tətbiq etsin. Həmçinin diqqət etdikdə görürük ki, moda jurnallarında, verilişlərində xanımların geyimi ilə bağlı yeniliklərə daha çox yer verilir. Halbuki əksər bəylər də zövqlə geyinməyi sevir və yeni trendlərlə maraqlanırlar. Bəs görəsən 2018-ci il kişi geyimlərində hansı üslublar, rənglər ön plana çıxacaq?
Yaşlı kişilər də rəngli geyimlərdən istifadə edir
Aktual.az xəbər verir ki, bu suallara aydınlıq gətirən məşhur modelyer Gülnarə Xəlilova ailem.az-a bildirir ki, son illər kişi geyimlərində çox rəngarənglik var: "Əlbəttə ki, burada klassikanı sevən bəylərimiz yenə də öz üslublarına sadiq qalırlar. Klassik geyim nümunələri hər zaman gündəmdədir, aktualdır, bunun dəbi yoxdur. Buna baxmayaraq, kifayət qədər rəngarənglikdən istifadə edən bəylərimiz də var. Xüsusilə də dəb azarkeşi olan gənclər, bəzən orta yaşlı insanlar da bu seçimi edirlər. Hətta deyərdim ki, bəzən orta yaşdan yuxarı insan da rəngli geyimlər geyinir. O, yaşını özünə kompleks saymır və hansısa rəngli köynəkdən, ya da şalvardan imtina etmir".
Kök rəngi bu mövsüm çox aktualdır
Modelyer məlumat verir ki, ümumiyyətlə, bütünlükdə götürdükdə çox rəng tonları var ki, bəylərin geyimində gündəmdədir. Burada xardal, göy, sarı, qırmızı rənglərdən istifadə olunur. Bununla yanaşı, kök rəngi bu mövsüm çox aktualdır. Bəylərin geyimi üçün naxışlı parçalardan istifadə olunur. Bu, hansısa etnik üslub ola bilər: "Etnik üslub dedikdə hansısa bölgələrin tanınan və bilinən naxışlarının istifadəsindən söhbət gedir. Üslub olaraq həm idman, həm retro geyimlər, yəni keçmişdə olan geyim nümunələrinə yeni baxış formaları da aktualdır".
"Bəylərin ayağında çox zaman corab görmürük"
G.Xəlilova deyir ki, hazırda forma olaraq geniş şalvarlar, üzərlərinə geyinilən geniş plaşlar çox aktualdır. Tamamilə geniş kəsimdə olan jempirlər, koftalar və bu tip nümunələr də həmçinin. Amma bunlarla yanaşı səliqəli, düz, klassik formada olan şalvarlar da çox istifadə olunur: "Fikir verdikdə görürük ki, qısa, ətək hissəsi topuğa çatmayan şalvar modelləri də üstünlük təşkil edir. Bir də son illərdə bəylərin ayağında corab demək olar ki, çox görmürük. Şalvarla ayaqqabı arasındakı məsafədən corab görünmür. Bu gündəm hələ də davam edir".
Ümumiyyətlə, kişilərin geyim nümunələrində ayaqqabıların özünəməxsusu yeri var. Həm idman üslubunda, həm retro-romantizm üslubunda ayaqqabı formaları var. Ümumiyyətlə, hər bir üsluba görə bu gün ayaqqabı nümunələri istehsal olunur. Üzərində damalar, hansısa naxışlar olanda müxtəlif cür yay ayaqqabıları, qış çəkmələri var".
Modelyerin sözlərinə görə, son illər kişilərin geyimlərində aksessuar kimi çantalar, eynəklər, papaqlar, kəmərlər, şərflər çox aktualdır: "Bununla yanaşı, son illər xüsusilə gənclər sırğa və mənim ümumiyyətlə, nə qızlarda, nə oğlanlarda sevdiyim pirsinqlərdən də istifadə edirlər".
"Bizim xalq bəzənməyi, gözəl görünməyi sevir"
Xarici ölkələrdəki bəylərin geyimi ilə, Azərbaycanda yaşayan bəylərin geyimi arasında hansı fərqlərin olması ilə bağlı sualı cavablandıran G.Xəlilova vurğulayır ki, xarici ölkələrdə geyimlərə Azərbaycanda, Şərq ölkələrində olduğu qədər fikir verilmir: "Onlar hansısa tədbirlərə, məclislərə gedəndə geyimlərinə baxış fərqləri olur. Amma gündəlik həyatda adi, yaxud da işlədikləri yerə uyğun geyim formasında olurlar. Bizim xalq isə daha çox gözəl geyinməyi sevir. Hesab edirəm ki, Azərbaycanda yetəri qədər zövqlə geyinən bəylər və xanımlar var. Bu da xaricdən gələn qonaqların diqqətindən qaçmır ki, bəli, bizim xalq məhz geyinməyi, bəzənməyi, gözəl görünməyi sevən xalqdır".
Xəbər 1840 dəfə oxunub.