Yuxu zamanı tam qaranlıq mühitdə olmaq yalnız yuxu keyfiyyətini yaxşılaşdırmır, həm də ürək-damar sisteminin qorunmasında vacib rol oynayır. Aparılan elmi araşdırmalar gecəni işıqlı mühitdə keçirməyin ciddi sağlamlıq riskləri daşıdığını ortaya qoyub.
Aktual.az xəbər verir ki, "JAMA Network Open" jurnalında yayımlanan tədqiqat 89 min nəfərin yuxu vərdişlərini əhatə edib. Nəticələr göstərir ki, gecə işığına məruz qalmaq bədənin bioloji saatını pozur. Orqanizm qaranlıqda dincəlməyə, işıqda isə fəaliyyət göstərməyə kökləndiyi üçün bu tarazlığın pozulması qan dövranı sisteminə mənfi təsir göstərir. İşıqlı mühitdə yatanlarda ürək çatışmazlığı riski 56 faiz, ürək damarlarının tıxanması ehtimalı 32 faiz, beyin qan dövranının pozulması təhlükəsi isə 28 faiz artır.
Təhlükə təkcə tavan lampalarından gəlmir. Telefon, planşet və televizor ekranlarından yayılan süni işıqlar da eyni təsiri göstərir. Gecə saatlarında bu cihazlardan istifadə etmək orqanizm tərəfindən stress kimi qəbul olunur. Bu vəziyyət ürək döyüntülərinin artmasına, qan təzyiqinin yüksəlməsinə və bədəndə iltihab proseslərinin güclənməsinə yol açır.
Sağlam ürək və keyfiyyətli istirahət üçün yuxudan bir neçə saat əvvəl elektron cihazlardan uzaq durmaq tövsiyə edilir. Otağı tam qaranlıq saxlamaq, pərdələrdən və ya göz maskasından istifadə etmək ürək-damar sistemini qorumaq üçün ən təbii yoldur. (demokrat.az)
Xəbər 44 dəfə oxunub.