GDU yeni dərs ilinə uğurla başladı

GDU yeni dərs ilinə uğurla başladı

Respublikamızda  sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından  biri  də  Gəncə  Dövlət  Universitetidir. 

Gözəl  ənənələrə və şərəfli tarixə  malik  olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə Dövlət Universiteti  Azərbaycan  təhsilinə  dəyərli  töhfə  verməkdədir. 

 Gəncə Dövlət Universiteti 1938-43-cü illərdə 2 illik Müəllimlər İnstitutu, 1943-2000-ci illərdə Pedaqoji İnstitut, 2000-ci ildən isə Universitet kimi fəaliyyət göstərir.Universitetimiz  fəaliyyətə  başladığı  ilk  illərdən  özünün  yüksək  ixtisaslı  pedaqoji  kadr potensialı ilə seçilmiş və bu gün də həmin ənənəni davam etdirir. Universitetin  onlarla pedaqoqu  orden, medallara və diqər dövlət təltiflərinə  layiq  görülmüşdür.Hal-hazırda   universitetdə  8 fakültə,  bir  əlavə təhsil fakültəsi, 13 şöbə fəaliyyət göstərir. Bakalavr  səviyyəsində  əyani  şöbədə 40  ixtisasda  5058, qiyabi  şöbədə 7 ixtisas üzrə  424, magistratura  səviyyəsində isə 306  nəfər olmaqla, bütövlükdə  5788  tələbə təhsil alır.  Bakalavr  səviyyəsində 5482 tələbədən 1367 nəfəri dövlət sifarişi, 4115 nəfəri ödənişli, magistratura səviyyəsində isə 306  nəfərdən 136 nəfər dövlət sifarişi, 170  nəfəri isə ödənişli əsaslarla təhsil alır. Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir. Bu ali təhsil müəssisəsinin 5 tədris binası və  tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı təmir olunub və müasir tələblərə cavab verir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün  universitetdə  32  laboratoriya, 5 ixtisas  kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur. 

 Bu göstəricilər isə keyfiyyətli təhsilə imkan yaradır. Məlumdur ki, bu gün Azərbaycan təhsilinə verilən tələb və standartlar dəyişmişdir. Müasir təlim standartları günün tələbidir. Tədrisin keyfiyyətini artırmaq  üçün  universitetdə  innovativ  yanaşmalara  geniş yer verilir. Rektorluğun  təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihəyə - "açıq dərs"lərə start verilib. Yeni  layihə istər müəllim heyətinin, istərsə də  pedaqoji  təcrübədə olan tələbələrin "açıq dərs"lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur.

 Universitetdə  semestr  imtahanlarının şəffaflığına nail olmaq üçün imtahanlar test üsulu ilə aparilir.

 Universitet  xarici  beynəlxalq  əlaqələrə  geniş yer verir.  Universiteti tanıdan  və  inkişaf  etdirən  amillərdən  biri də onun beynəlxalq əlaqələridir. GDU bu sahədə də bir sıra yeniliklərə imza atıb. GDU-nun beynəlxalq əlaqələrində Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan "KOİCA" geniş yer tutur.

 Universitetdə "Elektron universitet" layihəsi reallaşdırılıb. Cənubi Koreyanın  Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan "KOİCA" universitetin təhsil və inzibati işlərin avtomatlaşdırılmış sisteminin yaradılmasına yardımçı olmağı öz üzərinə götürüb. İki milyon manatdan artıq vəsait tələb edən işi həmin təşkilat könüllü olaraq təmənnasız yerinə yetirəcək. Bunun üçün ilkin hazırlıq mərhələsi yekunlaşıb. Bu otaq gələcəkdə "Koreya mərkəzi" olacaqdır.Mərkəzdə həmçinin tələbələrin Koreya dilini öyrənmələrinə imkan yaradılacaq.

Təhsil sisteminin Boloniya proqramı üzrə qurulması unuversitetimizin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir.Universitetimizdə tədrisin müasir tələblər səviyyəsində qurulması müəllim və tələbə-magistrant kontingentinin  beynəlxalq əlaqələrdə daha fəal və intensiv iştirakına gətirib çıxarır. Universitetimizin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir.Gəncə Dövlət Universiteti Türkiyənin "Mövlana"  mübadilə  proqramına qoşulub. Bu proqram çərçivəsində 20 ali təhsil müəssisəsi ilə, o cümlədən Kastamonu, Giresun, Firat, Ərzurum Teknik, Çankaya, Ərzincan, Nevşəhir Hacı Bektaş Vəli, Bitlis Eren, Aksaray, Uşak, Bozok, Cumhuriyyət, Hacettepe, Ərdahan universitetləri ilə müqavilələr imzalanıb, 10-a yaxın müəllim və tələbənin sənədləri onların komissiyalarına göndərilib.

Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Gəncə Dövlət Universiteti  ilə Fransanın Reyms Şampan-Arden Universiteti arasında beynəlxalq əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Onu da qeyd edək ki, Gəncə Dövlət Universiteti bir neçə istiqamətdə ali məktəblərlə  müqavilələr  bağlayıb. Avropa  istiqamətində  Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi, Kutaisi universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın  Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA Aşqarlar Kimyası, AMEA Kimya Problemləri İnstitutları, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla davam etdirilir.

Gəncə Dövlət Universiteti Bakı şəhərində keçirilən Beynəlxalq təhsil və karyera sərgisində ən yaxşı təqdimata görə I yerə layiq görülüb.

Universitetimizdə   təhsilin  səviyyəsinə  təsir  edən  ən mühüm amillərdən biri də həm müəllimlərin, həm tələbə və magistrantların elmi-tədqiqat işlərində fəal iştirakıdır. Təkcə bu il GDU əməkdaşlarının Respublikanın nüfuzlu elmi nəşrlərində 300-ə yaxın məqaləsi, xarici ölkələrin elmi nəşrlərində 50-dək elmi məqaləsi dərc edilmişdir,onlarla  dərs vəsaiti,metodik vəsait və monoqrafiyaları çap olunmuşdur. Universitetimizdə elmi konfrans və simpoziumlar keçirilməsi də ənənə halını almışdır.

Universitetin bütün tədris binalarında təmir başa çatdırılmış, bütün tədris binalarında  müasir standartlara  cavab verən sanitariya  qovşaqları quraşdırılmışdır.  II  tədris binasının  həyətində  Gəncə  şəhərində  analoqu olmayan  çox  yüksək keyfiyyətli ot örtüyünə malik mini futbol stadionu yaradılmış, tamaşaçılar üçün oturacaqlar qoyulmuş, stadionun dövrəsində qaçış zolağı, basketbol meydançası da tam hazır vəziyyətə salınıb tələbələrin ixtiyarına verilmişdir.Bundan əlavə İqtisadiyyat və filologiya fakültələrinin yerləşdiyi 4-сü korpus  divarları saxlanılmaqla  tam sökülmüş və  qısa bir müddət ərzində əsaslı şəkildə beynəlxalq standartlara uyğun təmir olunmuşdur.

Universitetin Xarici dillər fakültəsinin yerləşdiyi 3-cü korpusda  təmir işləri tam başa çatdırılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalı fəaliyyətini dayandırdıqdan sonra Gəncə Dövlət Universitetinin balansına keçirilmiş Cavadbəy Rəfibəyli , 57 ünvanında yerləşən və dörd mərtəbədən ibarət V tədris binasında da əsaslı təmir işləri aparılır.Bina divarları saxlanmaqla başdan-başa sökülmüşdür.Binada planlı surətdə, tələbata uyğun olaraq seminar, mühazirə otaqları, kabinetlər, kitabxana müəyyənləşdirilmiş, təmir də bu istiqamətdə aparılır. Binanın dam örtüyü mansarda tipində dəyişdirilmiş, otaqlarda istilik sistemi, sanitar qovşaqları yaradılmış, tədris üçün nə lazımsa Avropa standartları səviyyəsində öz real həllini tapmaqdadır. V tədris binasının əsaslı təmir edilib istifadəyə verilməsi Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün lazımi şəraitin yaradılması deməkdir. Otaq baxımından çətinlik çəkən fakültələrdə artıq bu problemə bir dəfəlik son qoyulacaqdır və dekabr ayında bu tədris binasının tələbələrin istifadəsinə veriləcəyi planlaşdırılır.

 Bu il Gəncə Dövlət Universitetinin tarixində ilk dəfə olaraq bakalavriat səviyyəsinə 1300  nəfərdən çox  tələbə  qəbul  olmuşdur.Bu tələbələrin 351 nəfəri dövlət sifarişi,qalanı isə ödənişli əsaslarladır. Onlardan  53 nəfəri  500-600 arası, 8 nəfəri isə 600-dən yuxarı  bal toplamışdır.Qəbul planının yerinə yetirilmə faizi 85,45 % təşkil etmişdir.Qəbul  imtahanlarında  respublika  üzrə  ixtisas  seçiminə  görə  Gəncə Dövlət  Universiteti  ilk 5 universitet  arasındadır.Yeni  tədris  ilində  tədris binaları yüksək səviyyədə təmir edilmiş, müasir tələblərə cavab verəcək maddi-texniki baza ilə zənginləşdirilmişdir. Kafedralar, auditoriyalar, o cümlədən  Zoologiya kafedrasında 1 labarotoriya, Botanika kafedrasında 2 laboratoriya, Kimya kafedrasında 3 laboratoriya tam təhciz olunub və müasir  avadanlıqlarlarla  təmin edilmişdir. Universitet yeni informasiya texnologiyaları ilə müvafiq şəkildə təmin edilmiş, ağıllı lövhələr, ağ lövhələr, surətçoxaldan, digər texniki vasitələr alınmış, bütün kafedralar, şöbə və dekanlıqlar və struktur bölmələri kompüterlərlə təchiz olunmuş, tədris binaları arasında fiberoptik kabellərlə “Gigabit ethernet ” texnologiyası vasitəsilə lokal şəbəkə yenilənmiş, yüksəksürətli (15 meqabit) internetə çıxış təmin edilmişdir.Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Aztelekom tərəfindən korpuslara ”Fiber optic kabel”in çəkilişi uğurla başa çatdırılmışdır.Fasiləsiz işləyən İnternet xətti professor-müəllim heyəti və tələbələrin operativ informasiya mübadiləsini təmin edir.Tədris prosesinin informasiya texnologiyaları, proqram vəsaitləri, laboratoriya və texniki avadanlıqlarla təminatı Dövlət Təhsil Standartlarına uyğundur.Universitetin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir.

Universitet tələbələrinin lazımi səviyyədə təhsil almaları ilə bərabər, sağlam insan kimi yetişmələri də rəhbərliyin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, tələbələrimiz dəfələrlə idmanın müxtəlif növlərində şəhər və  Respublika yarışlarının qalibi, yaxud II, III yerlərə sahib olmuşlar.

GDU-nun Kimya kafedrasının nəzdində olan Fiziki və kolloid kimya laboratoriyası yenidən qurulub əməkdaşların və tələbələrin istifadəsinə verilmişdir. Laboratoriyada tələbə və müəllimlərin rahat işləmələri üçün münasib iş şəraiti yaradılmış, fənn üzrə məşğələlər aparılmasına tələb olunan bütün avadanlıqlar alınıb quraşdırılmış, şkaflarda səliqəli şəkildə yerləşdirilmişdir.

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun bir başa təşəbbüsü ilə Baş binanın foyesində qoyulan və Ural mərmərindən böyük sənətkarlıqla yaradılmış Ulu Öndər Heydər Əliyevin büstü bütün kollektiv üçün əvəzsiz hədiyyədir. Bu o deməkdir ki, kollektiv dahi rəhbərin yolu ilə gedir,onun  layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının  siyasətini dəstəkləyir. Bəli, bu gün Azərbaycanın ali təhsil müəssisələri arasında xüsusi yeri və mövqeyi olan Gəncə Dövlət Universiteti son illər geniş inkişaf yoluna düşərək bir sıra diqqətçəkən uğurlara imza atıb. Təsadüfi deyil ki, 2016/2017-ci tədris ilinə tələbə qəbulu zamanı Universitet Respublikanın ali məktəbləri arasında layiqli yerlərdən birinə sahib olub. Əlbəttə, bu uğurun qazanılmasında müəllim heyətinin gərgin əməyi xüsusilə qeyd edilməlidir. 555 nəfər müəllim heyətindən 17 nəfəri elmlər doktoru,professor;  151 nəfəri dosent; 303 nəfər  fəlsəfə doktoru,baş müəllim    və 84 nəfəri isə müəllimdir. Professor-müəllim heyətindən 2 nəfəri əməkdar elm xadimi, 8 nəfəri əməkdar müəllim, 1 nəfəri əməkdar rəssam, 5 nəfər əməkdar ali məktəb işçisi fəxri adını daşıyır. 7 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub.

GDU-nun kollektivi Respublikanın və şəhərin ictimai həyatında fəal iştirak edir.Hal-hazırda ümumxalq referendumunun yüksək səviyyədə keçirilməsi üçün kollektiv əlindən gələni əsirgəmir. Universitetimizin məzunlarının bir çox məsul vəzifələrə irəli çəkilməsi də məhz tələbəlik illərində onlara aşılanan ictimai fəallıq keyfiyyətlərinin parlaq təzahürüdür.

Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti  rektor, professor Yusif  Yusibovun  rəhbərliyi  ilə  son dövrdə bu ali təhsil ocağında gedən quruculuq  işlərini - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.

 Göründüyü kimi GDU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli  şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.

ELÇİN CAVADOV,

Gəncə Dövlət  Universitetinin   

dosenti,texnika üzrə fəlsəfə  doktoru

Xəbər 3606 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR