Bu gün Xalq artisti Fuad Poladovun doğum günüdür.
Aktual.az xəbər verir ki, Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı yaşasaydı, 73 yaşını qeyd edəcəkdi.
Qeyd edək ki, F.Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.
Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972).
Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb.
Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.
F.Poladov 43 filmə çəkilib, Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində onlarla rol oynayıb.
Xalq artisti 2018-ci il mayın 5-i uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib. O, vəsiyyətinə uyğun olaraq, Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
Xəbər 1275 dəfə oxunub.