Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov həmvətənlərinə çağırış edib.
Aktual.az axar.az-a istinadən bildirir ki, jurnalist II Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsinə 9 May - Qələbə Günündə Moskvada yürüş keçirilməsini təklif edib. Jurnalist feysbuk səhifəsində yazıb:
"II Dünya Müharibəsində sabiq SSRİ-nin qalib gəlməsində Bakı neftinin, Azərbaycanın və onun övladlarının əvəzedilməz xidmətlərini hamı çox yaxşı bilir. Ancaq çox təəsüf ki, zaman keçdikcə, faşizmlə mübarizədə ön cəbhəyə gedən 700 min və müharibədə həlak olmuş 300 min azərbaycanlı, bütün hərbi texnikanın 90 faizinin işlədiyi neftin və avtomatların, təyyarələrin və pulemyotların Bakı zavodlarından verilməsi, xalqımızın arxa cəbhədəki gündəlik fədakarlıqları rus ictimaiyyəti tərəfindən unudulmaqdadır. Mən Moskvada yaşadığım 18 il ərzində hər il keçirilən 9 May paradlarının heç birində Moskva azərbaycanlılarının düzənli bir şəkildə iştirak etməsinin şahidi olmamışam. Gəlin bu səhvimizi düzəldək və Rusiya ictimayyətinə Azərbaycanın və azərbaycanlıların tarixdəki yerini və rolunu bir daha xatırladaq. Təklifim bundan ibarətdir:
9 May Rusiyada rəsmi bayram günüdür. Bu tarixdə saat 15:00-dan etibarən Moskvanın mərkəzindəki Tverskaya küçəsindən Qızıl Meydana qədər "Ölümsüz Polk" (http://parad-msk.ru/) yürüşü başlanacaq. Bəlkə də Moskvada yaşayan həmvətənlərimizin bir çoxu bu gün uşaqları və ailəsi ilə birlikdə bu yürüşə gələcəklər. Gəlin Moskvada yaşayan azərbaycanlılar olaraq, 9 may tarixində saat 14:30-dan etibarən, metro "Belorusskaya" (dairəvi xətt) çıxışındakı Tverskaya Zastava meydanı, 3 nömrəli evin önündə toplaşaq (smartfonlar uçun ünvan: https://goo.gl/maps/kcK2vj38J4m). Əllərinizdə Azərbaycan bayrağının olması vacibdir. Bundan başqa, II Dünya Müharibəsində iştirak etmiş, yaralanmış və ya həlak olmuş azərbaycanlıların fotoşəkillərini də gətirsəniz, çox yaxşı olar. Müharibə iştirakçılarının fotoşəkillərini http://parad-msk.ru/transparant/ ünvanında düzəldə bilərsiniz.
Xahiş edirəm, bu elanı Rusiyada və Moskvada yaşayan hər bir azərbaycanlıya çatdırın, onlar da bir-birinə ötürsünlər. Rusiyada faaliyət göstərən: fnkaa.ru, vakrf.ru, azeri.ru kimi internet səhifələrində bu məlumatı yayın və təbliğ edin.
Heç kim gəlməsə də, təkbaşına bir əlimdə babamın portreti, o biri əlimdə Azərbaycan bayrağı ilə orada olacağam".
Xatırladaq ki, Fuad Abbasov uzun müddət Türkiyənin "İhlas" agentliyinin Rusiyadakı nümayəndəsi olub. Lakin ötən ay Moskva nümayəndəliyindən geri çağrılıb.
Azərbaycanlı jurnalistin agentlikdən uzaqlaşdırılmasına səbəb Türkiyə ilə Rusiya arasında yaranan Su-24 böhranında rəsmi Ankaranın mövqeyini dəstəkləməsi olub.