Avropa “Qran pri”sinin akkreditasiya qaydaları haqqında seminar keçirilib
Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli kütləvi informasiya vasitələrinin nümayəndələri üçün 2016 “Formula-1” Avropa “Qran pri”sinin akkreditasiya qaydaları haqqında seminar keçirib.
Aktual.az Avtosfer.az-a istinadən xəbər verir ki, 70-ə yaxın jurnalistin iştirak etdiyi seminarda iştirakçılara bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək “Formula-1” yarışının akkreditasiya prosesi haqqında məlumat verilib. Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 1-31 mart tarixləri arasında onlayn qaydada, BŞH-nın rəsmi internet səhifəsi (www.bakucitycircuit.com/az) vasitəsilə həyata keçiriləcək.
BŞH-nın marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” Avropa “Qran pri”sinin milli mətbuat katibi Nigar Arpadarai yarışa hazırlıqla bağlı görülən son işlərdən danışıb və jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət edib: “Bu il Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa “Qran pri”sində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də “Formula-1” kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram”.
Sonra çıxış edən BŞH-nın KİV əməliyyatları üzrə meneceri Ayan Ağayeva iştirakçıları akkreditasiya qaydaları ilə tanış edib.
Seminar Avropa “Qran pri”sinin rəsmi elçisi Rəhim Əliyevin çıxışı ilə davam etdirilib. “Formula-1” şərhçisi R.Əliyev tədbir iştirakçılarına “Qran pri” yarışlarını işıqlandıran jurnalistlərin fəaliyyəti barədə məlumat verib və bu sahədəki təcrübəsini yerli media nümayəndələri ilə bölüşüb.