“Formula-1” yarışları zamanı qonaqları rəngarəng proqram gözləyir

“Formula-1” yarışları zamanı qonaqları rəngarəng proqram gözləyir

17-19 iyun tarixlərində Bakıda "Formula-1 Avropa Qran-Pri” yarışları keçiriləcək. Yarış günlərində paytaxtın mədəniyyət müəssisələri tam gücü ilə işləyəcək və bir-birindən maraqlı proqramlar təqdim olunacaq.

Aktual.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, mədəniyyət ocaqlarına təşrif buyuracaq turistlərin tamaşalara daha rahat şəkildə baxmaları üçün repertuarda olan səhnə əsərləri ingilis dilinə tərcümə olunub və subtitrlərlə təqdim ediləcək.

Qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından nümunələr də təqdim ediləcək.

Belə ki, paytaxtda fəaliyyət göstərən teatrlar maraqlı repertuar tərtib edib. Beynəlxalq yarış müddətində teatrlar repertuarındakı ən məşhur nümunələri səhnəyə təqdim edəcəklər.

Ayın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin "Şah İsmayıl” operası nümayiş olunacaq.

Dövlət Musiqili Teatrı da yarış ilə əlaqədar xüsusi repertuarla çıxış edəcək. Burada R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun "Talelər qovuşanda” və O.Kazımi, R.Heydərin "Qızıl toy” səhnə əsərləri ingilis dilində subtitrlər vasitəsilə əcnəbi qonaqlara təqdim ediləcək.

Azərbaycan Dövlət Rus Dram Teatrında 17, 18 və 19 iyun tarixlərində M.Lermontovun "Maskarad”, R.Kuninin "Həddindən ziyadə evli taksi sürücüsü” və P.Kalderon "Məhəbbətlə zarafat etmirlər” tamaşaları göstəriləcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tədbir günlərində "Çəkməli pişik” (Ş.Perro), "Mehmanxana sahibəsi” (K.Qoldoni), Rus xalq nağılı "Möcüzəli turp” və "Pəri cadu” (Ə.Haqverdiyev) tamaşalarını təqdim edəcək.

Dövlət Pantomima Teatrında isə 18 iyun tarixində Ç.Aytmatovun "Manqurt”, B.Xanızadənin "Fəlakət və insan”, B.Əhmədlinin "Son ştrix” tamaşaları nümayiş olunacaq.

Nizami Kino Mərkəzində Formula-1 ərəfəsində "Yalan illüziyası 2” bədii filminin və "Avropa Çempionatı – 2016” oyunlarının böyük ekranda nümayişinə başlanılıb.

Qeyd edək ki, paytaxtımızın çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazımi səviyyədə təşkil edilməsi ilə bağlı bütün təşkilati məsələlər həll olunub.

"Formula-1” günlərində muzeylər də öz iş qrafiklərinə uyğun fəaliyyət göstərəcəklər.

Mədəniyyət müəssisələri tərəfindən keçiriləcək bütün tədbirlər, Azərbaycana gələn idmançıların və qonaqların buradan xoş təəssüratla ayrılmasına xidmət edir.

Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR