"Formula 1″ üzrə Kanada Qran-prisinin keçirilmə müddəti uzadılıb.
"Report”un məlumatına görə, bununla bağlı Monreal şəhərindəki Jil Vilnöv adına avtodromun sahibləri ilə "Formula One” şirkəti arasında 2029-cu ilədək müqavilə bağlanılıb. Yeni anlaşmanın mütləq şərti pit-leyn və boks binasının yenidən bərpası olub.
Kanada Qran-prisi Monreal trasında ilk dəfə 1978-ci ildə keçirilib. O vaxtdan yarış iki istisna olmaqla, dünya çempionatının təqvimində yer alıb. "Formula One”nin əvvəlki rəhbəri Berni Ekklstoun 1987-ci ildə iki pivəbişirmə sexinin sponsorluq uğrunda sərt mübarizəsindən sonra bu Qran-prini ləğv edib. 2009-cu ildə isə Kanada mərhələsinin promouterləri Ekklstounla maliyyə məsələlərində razılığa gələ bilməyiblər.
Tras və paddokun yenidən bərpası üçün ümumi xərc 48 milyon dollar təşkil edib. Bu məbləğdən 30 milyon dollar Monreal şəhərinin, 18 milyon dollar isə Kvebek əyalətinin büdcəsindən ayrılıb.
Qeyd edək ki, bu il Kanada Qran-prisi 7 – 9 iyunda keçiriləcək.
Xəbər 347 dəfə oxunub.