Formula 1 Azərbaycan Qran Prisinə bilet alanlara xüsusi endirimlər ediləcək.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu, Bakı Şəhəri Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Turizm və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyi arasında "Formula 1 Azərbaycan Qran Prisinin ölkə turizminin inkişafına dəstəyi" layihəsi çərçivəsində əməkdaşlığa dair imzalanan anlaşma memorandumunda öz əksini tapıb.
Memoranduma əsasən, əksəriyyəti Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhəri Halqasının yaxınlığında yerləşən 50-ə yaxın şirkət 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində yarışa bileti olan tamaşaçılara xidmətləri 20 %-dək endirimli qiymətlər təklif edəcək.
Layihə çərçivəsində keçirilən endirim kampaniyasına iyunun 1-də start verilir və 15 iyul 2017-ci il tarixə qədər davam edəcək. İndiyə qədər layihəyə ümumilikdə 46 şirkət qoşulub. Onlar arasında milli, Avropa, Asiya və Türk mətbəxlərinə aid restoranlar, milli xüsusiyyətləri əks etdirən suvenerlərin, ev və zinyət əşyalarının satışa çıxarıldığı mağazalar, gözəllik salonları və SPA mərkəzləri, şərab evləri, klinikalar, hotellər və sair sahələr üzrə ixtisaslaşmış biznes obyektlərinə rast gəlmək mümkündür.
Əməliyyat şirkəti layihəyə qoşulan şirkətlərə obyektlərin girişində diqqət cəlb edəcək yerlərə vurmaq üçün kampaniyaya dair xüsusi endirim nişanlar verəcək.
Aktual.az
Xəbər 589 dəfə oxunub.