Fiziki imkanları məhdud istedadlı iki gənc rəssamın ilk rəsm sərgisi açılıb

Fiziki imkanları məhdud istedadlı iki gənc rəssamın ilk rəsm sərgisi açılıb

Fiziki imkanlari məhdud istedadlı iki gənc rəssam Cavid Həsənli və Behbud Cəfərquliyevin ilk rəsm sərgisi açılıb.  
 
"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, "Sağlamlığın Qorunması" İB  və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud olan iki istedadlı  gənc rəssam  Cavid Həsənli və Behbud Cəfərquliyevin ilk rəsm sərgisinin açılışında çıxış edən millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin rəhbəri  Q.Paşayeva hər iki gənc haqqında geniş məlumat verib və bildirib ki, onlar sadəcə fiziki imkanları məhdud insanlar üçün deyil, minlərlə tamamilə sağlam gənclər üçün çox gözəl örnəkdir. Cavid Həsənlinin kiçik yaşlarından sağlamlığında ciddi problemlərin yaranmasına, fiziki imkanları məhdud insana çevrilməsinə baxmayaraq həyatdan küsmədiyini, tam əksinə ona daha da sıx sarılaraq gecə-gündüz öyrənmək, çalışmaq eşqi ilə yaşadığını deyən millət vəkili Q.Paşayeva onun bu ildən artıq həm də Rəssamlıq Akademiyasının tələbəsi olduğunu vurğulayıb, rəssamlıqla bərabər jurnalist kimi də fəaliyyət göstərdiyini deyib və tamamilə sağlam gənclərin Caviddən öyrənəcəyi çox şey var deyib.  Kiçik yaşlarından eşitmə siniri zədələndiyi üçün eşitmə və bununla da danışa bilmək imkanlarını itirən Behbud  Cəfərquliyev haqqında danışan millət vəkili Q.Paşayeva  onu nadir istedadlardan biri adlandırıb. Behbudun əsərlərində vətənpərvərlik bir xətt kimi keçir deyən millət vəkili Q.Paşayeva onun Xocalı Soyqırımı,  Şuşa ağrısı  və  Qarabağımızla bağlı çəkdiyi əsərlərini xüsusi vurğulayıb. "Behbudun qəlbində böyük bir Türk dünyası sevdası var və onun  "bir millət iki dövlət” əsəri də daxil olmaqla, bir sıra əsərlərində bunu görmək mümkündür. Bu gəncləri cəmiyyətimiz daha yaxından tanımalıdır, onlara daha çox dəstək olmalıyıq və mən inanıram ki, onlar ölkəmizi beynəlxalq aləmdə təmsil edə bilən gözəl rəssamlara çevrilə bilərlər" deyən millət vəkili Q.Paşayeva gənclərə uğurlar arzulayıb və sərginin açılışında iştirak edən millət vəkilləri, QHT və KİV-lərə, ziyalılara, rəssamlara, iş adamlarına dəvətlərini qəbul edib gəldikləri üçün təşəkkürünü bildirib. Tədbirdə çıxış edən millət vəkilləri Adil Əliyev, Eldəniz Səlimov, Yunus Emre Vəqfinin Azrbaycandakı nümayəndəsi İbrahim Yıldırım,  1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova, Veysəloğlu şirkətinin rəsmiləri, tanınmış sənətçi Aybəniz Haşımova, şairə Çığatel, Cavidin müəlliməsi çıxış edərək gənclərə uğurlar diləyiblər.  İstedadlı gənc rəssam Behbud Cəfərquliyevin anası tədbirin sonunda çıxış edərək  tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və bu cür tədbirlərin fiziki imkanları məhdud istedadlı gənclər üçün çox böyük stimul olduğunu deyib.  Sərginin açılışında iştirak edən millət vəkilləri Ülviyyə Ağayeva, Sona Əliyeva da gənclərin əsərləri ilə tanış olub, onlara uğurlar diləyiblər. Tədbirdə iştirak edən bütün qonaqlar sərgi ilə geniş tanış olmuş və əsərləri çox bəyəndiklərini söyləyiblər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Aktual.az
Xəbər 1161 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR