İslama görə, Ramazan ayının bitməsi Fitr bayramı ilə qeyd olunur.
Aktual.az xəbər verir ki, fitrə zəkatı Ramazan ayının son günündə, axşam azanından sonra ayrılır və səhərisi, yəni Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırılmalıdır.
Peşəsi dilənmək olan və spirtli içki içənlərə fitrə zəkatı vermək olmaz.
Fitrə zəkatı kimi adambaşına 3 kq arpa, buğda, düyü, xurma və ya bu kimi ərzaq məhsulları hesabı ilə çıxarılır.
Bayram günündə imkanı çatan hər müsəlman özü və öhdəsində olan şəxslər üçün fitrə zəkatı verir, bununla bayram sevincini ehtiyaclı ailələrlə də paylaşmış olur.
"Quran”ın 30 ayəsində zəkatdan söz açılır, bu ayələrdən bir neçəsində Allah zəkat verilməsini əmr buyurur. Məsələn, Nur surəsinin 56-cı, Müzzəmmil surəsinin 20-ci, Mücadələ surəsinin 13-cü ayələrini göstərmək olar. Bununla bərabər bir çox digər ayədə də sədəqə və infaq, yəni Allah yolunda malından-pulundan xərcləmə, ehtiyaclılara əl tutma, yardım etmə haqda buyurulur.
Fitrə zəkatının vacibliyini Məhəmməd peyğəmbər hicri 2-ci ildə, Ramazan ayı bitdikdə oxuduğu xütbə zamanı buyurub.
Peyğəmbər və imamlardan nəql edilən hədis toplularında fitrə zəkatının önəmi qeyd edilib. Rəvayətlərdən birində İmam Cəfər Sadiq buyurur: "Namaz bitdikdə peyğəmbərə salam deyildiyi kimi, orucluq da sona çatdıqda fitrə zəkatı vermək lazımdır”.