Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Aktual.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə, Bakı Mühəndislik Universitetində və Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbində, Şimal-qərb RM tərəfindən Qəbələ rayon Tikanlı və Abrıx kənd tam orta məktəblərində, Şimal RM tərəfindən Şabran şəhəri 4 nömrəli tam orta məktəbində, Qarabağ RM tərəfindən Füzuli rayon Qayıdış qəsəbəsi 8 nömrəli və Bərdə rayon Şirvanlı kənd tam orta məktəblərində, Muğan RM tərəfindən Neftçala rayon Xıllı qəsəbə R.Gözəlov adına tam orta məktəbində və Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində, Aran RM tərəfindən Kürdəmir rayon 1 nömrəli və Ucar rayon Rəstəcə kənd tam orta məktəblərində, Gəncə RM tərəfindən Gəncə şəhər 37 nömrəli və Daşkəsən rayon Daşkəsən qəsəbə tam orta məktəblərində və Cənub RM tərəfindən Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in "112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Xəbər 40 dəfə oxunub.