Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin birgə təşkilatçılığı ilə Suraxanı rayon Yanğından Mühafizə hissəsində növbəti "açıq qapı günü” tədbiri keçirilib. Aktual.az FHN-ə istinadən xəbər verir ki, "Açıq qapı günü” "Qarabağ MecHack-9030” komandasının üzvləri üçün təşkil olunub. Tədbirin keçirilməsində məqsəd komanda üzvlərinin hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürən və xilasedicilərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
"Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürən və xilasedicilərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, komanda üzvləri fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Maraqlı keçən tədbirdə komanda üzvlərini maraqlandıran suallar cavablandırılıb.