Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranmasının 10 illik yubileyi münasibətilə genişləndirilmiş kollegiya iclası keçirilib.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, kollegiya iclası "Günəşli" yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada həlak olmuş neftçilərin və “Vixr-9” yanğınsöndürmə gəmisinin kapitanı Vyaçeslav Kryuçkovun xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İclasda çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, ümummilli lider Heydər Əliyev hər zaman insanların təhlükəsizliyinə xüsusi diqqət yetirib, bu prinsip prezident İlham Əliyev tərəfindən davam etdirilir.
"Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan vəsaitlər hesabına çoxlu sayda yanğınsöndürən maşınlar, helikopterlər, hətta bu gün bizdən çox böyük olan ölkələrin parklarında olmayan təyyarə alındı".
K. Heydərov qeyd edib ki, Azərbaycan daşqın, sürüşmə, zəlzələ və digər təbii fəlakətlər zonasında yerləşir: “2005-ci ilin dekabrında Fövqəladə Hallar Nazirliyi yarandı. Nazirliyin bir çox səlahiyyətlərini regional mərkəzlərə verdik ki, əhali Bakıya gəlmək məcburiyyətində qalmasın. Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan vəsaitlər hesabına çoxlu sayda yanğınsöndürən maşınlar, helikopterlər, hətta bu gün bizdən çox böyük olan ölkələrin parklarında olmayan təyyarə alındı. Eyni zamanda Tikintidə Təhlükəsizliyə Nəzarət, Su Ehtiyatlarının İdarə Olunması Agentliyi və digər agentliklər yaradıldı. Bu qurumlar əvvəllər ayrı-ayrılıqda fəaliyyətlərini effektli qura bilmirdisə, nazirliyin tərkibində effektli fəaliyyət göstərməyə başladı”.
Nazir FHN-in Akademiyasının bu gün Azərbaycanda ən yaxşı təhsil müəssisələri sırasında olduğunu diqqətə çatdırıb: “Bu Akademiyada yetişən mütəxəssislər gələcəkdə Azərbaycanın təhlükəsizliyini daha da etibarlı təmin edəcəklər. 10 il əvvəl prezident İlham Əliyevin verdiyi qərar öz bəhrəsini verməkdədir. Təbii fəlakətlər və texnogen qəzalar zamanı xilasedicilərin nümayiş etdirdikləri şücaət göstərir ki, gələcəkdə də Fövqəladə Hallar Nazirliyi əhalinin rahat yaşamasına öz töhfəsini verəcək”.
Tədbirdə prezident İlham Əliyev tərəfindən təltif edilən FHN əməkdaşlarına orden və medallar, diplomlar təqdim edilib.
Nazir qeyd edib ki, dövlət başçısının təltifləri görülən işlərə verilən qiymətdir: “Biz çalışmalıyıq ki, cavabdeh olduğumuz sahələrdə axsamalar olmasın, heç kəs Fövqəladə Hallar Nazirliyindən narazı qalmasın. Əməkdaşlarımızın səhvi insan ölümü ilə nəticələnə bilər. Ona görə bundan sonra özümüzə qarşı daha da tələbkar olmalıyıq”.
Sonda prezident İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə qeyd edilib ki, FHN 10 ildir ki, vətəndaşların təhlükəsizliyinin keşiyində dayanır və yubileyini böyük sevinc, qürur hissi ilə qeyd edir: “Cənab prezident, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətinizi yorulmadan davam etdirirsiniz. Fövqəladə Hallar Nazirliyinə diqqət və qayğı da bunun bariz göstəricisidir. 10 il ərzində əldə etdiyimiz hər bir uğur Sizin diqqət və qayğınıza dayanır”.
Müraciətdə vurğulanıb ki, FHN əhalinin təbii və texnogen qəzalardan qorunması üçün bundan sonra da bütün qüvvə və səylərini səfərbər edəcək, dövlət başçısının tapşırıqlarını layiqincə yerinə yetirəcək.