Planlaşdırdıqları cinayəti həyata keçirmək üçün küçənin ortasında kiməsə hüçum çəkməyiblər, kimsənin mənzilinə soxulmayıblar. Dəstə üzvləri sosial şəbəkələrdən yararlanaraq açdıqları saxta "Nigar”, "Leyla”, "Aysu” adlı profillərlə qurbanlarını ayaqlarına gətiriblər, onları elə öz məkanlarındaca soyub, qarət ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində internet vasitəsilə gəncləri görüşə çağıran, onları hədələyərək pullarını almaqda ittiham olunan dəstə üzvlərindən daha birinin - 1984-cü il təvəllüdlü Gültəkin Əsgərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edir.
"Facebook” və "Odnoklassniki” dəki "Leyla”lar, "Nigar”lar, "Aysu”lar
İstintaqla müəyyən edilib ki, Gültəkin Əsgərova dəstə üzvləri - İsmayıl Meybullayev, Rakif Xəlilov, Asiman Məmmədov, Rahim Rəhimov və Arifə Musayeva ilə əlbir olaraq, özgənin əmlakını ələ keçirmək məqsədilə "Facebook” və "Odnoklassniki” sosial şəbəkələrində intim xarakterli aldadıcı məlumatlar yazıblar. Dəstə üzvləri sosial şəbəkələr vasitəsilə gəncləri icarəyə götürdükləri kafeyə çağırıb, onları külli miqdarda hesab ödəməyə məcbur ediblər.
Törətdikləri cinayət əməllərinə görə, adları çəkilən şəxslər barəsində Cinayət Məcəlləsinin 180.3.1 (soyğunçuluq) və 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb. G.Əsgərova barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib.
"Müştəri hesabı görüb etiraz etdikdə…”
Təqsirləndirilən şəxs qismində dindirilən Gültəkin Əsgərova ifadəsində özünü dolandırmaq məqsədilə müxtəlif kafelərdə ofisiant işlədiyini, İsmayılı, Rakifi, Asimanı, Rəhimi tanıdığını, onlarla birlikdə işlədiyini göstərib. İfadəsində İsmayılgilin qız adı ilə açdıqları profillər vasitəsilə müxtəlif oğlanlarla əlaqə saxladıqlarını, onlarla yaxınlıq edəcəklərini vəd etməklə obyektə gətirdiklərini deyib: "İsmayılın icarəyə götürdüyü kafedə məndən başqa Gülü, Leyla, Jalə, Türkan adlı qızlar da işləyirdi. Oğlanlar kafeyə gəldikdən sonra onunla eyni masada əyləşən qızlar özlərinə müxtəlif spirtli içkilər sifariş verir, sonradansa yüksək məbləğdə hesab ödəməsi üçün müştəriyə qəbz təqdim edilirdi. Müştəri hesabı görüb etiraz etdikdə İsmayılgil hədə-qorxu gəlir, pulu ödəməyə məcbur edirdilər. Bu yolla həmin oğlanı oraya dəvət etmiş qıza da 10 mant pul verilirdi”.
"Kafeyə polislər gəldi”
İ.Mehbalıyevlə işləməyə başlayan G.Əsgərovanın adına sosial şəbəkələrdə saxta profillər açılıb, həmin profillərdən nömrəsini götürdüyü oğlanlarla danışaraq onları kafeyə çağırıb, eyni qaydada İsmayıl və Rakif tərəfindən hədə-qorxu olunaraq pulları əllərindən alınıb: "Dəqiq nə vaxt, hansı nömrə ilə oğlanlarla danışaraq kafeyə çağırdığımı xatırlamıram. Hadisədən iki gün öncə Asiman mənə zəng vurub yeni kafe icarəyə götürdüklərini dedi. Eyni qaydada sosial şəbəkə vasitəsilə oğlanları kafeyə çağırmağı, yüksək məbləğdə hesab ödətdirmək məqsədilə müştəri yığmaq üçün iş təklif etdi. Razılaşdım. Orada işlədiyim dövrdə heç kimə zəng vurub kafeyə çağırmamışam. Ötən ilin may ayının 11-də mənimlə birlikdə işləyən Gülünün telefonuna zəng gəldi. Gülü kiminləsə danışaraq kafenin yerini izah etdi. Sonra kafeyə bir oğlan gəldi, Gülü onunla pərdəli otağa keçdi, yaxınlıq edəcəyini deyib 25 manat pul aldı. Sonrasa bir neçə dəfə içki sifariş etdi. Oğlan içki içmək istəmədiyini, Gülüylə görüşmək üçün gəldiyini bildirib masadan qalxdıqda ona 156 manat hesab ödəmək üçün qəbz təqdim edildi. Oğlan heç bir sifariş vermədiyini deyib, pulu ödəməkdən imtina etdikdə İsmayıl, Asiman və Rakif pulu ödəməyi tələb etdilər. Sonra onlar həmin müştərini başqa otağa apardılar. Asiman Gülüyə dedi ki, zəng vur, həmin oğlanın könlünü al, sakitləşdir, görüşəcəyini de, polisə şikayət etməsin. Gülü ona zəng vurduqda, oğlan "sənin başına oyun açacağam” dedi. Bir qədər sonra kafeyə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları gəldilər. İsmayılı və Rəhimi polis bölməsinə apardılar”.
"Cibimdəki pulları masaya qoymağı tələb etdilər”
Zərərçəkmiş Muxtar Sətiyev ifadəsində tanımadığı nömrədən zəng gəldiyini, adının Gülü olduğunu deyən qız onu görüşə çağırdığını göstərib: "Gecəyarı rayondan gətirdiyim göyərtini gündüz saatlarına qədər bazarda satdıqdan sonra 1200 manat pul əldə etmişdim. Həmin gün telefonuma tanımadığım nömrədən zəng gəldi. Əvvəlcə səhv düşdüyünü dedi, sonra təkrar zəng vurdu, tanış olmaq, görüşmək istədiyini bildirdi. Axşam saat 6-ya kimi boş vaxtım vardı deyə onun dediyi yerə gəldim. "28 May”da görüşdükdə qız mənə kafeyə getməyi təklif etdi. Kafeyə daxil olduqda gördüm qaranlıq, gecə klubuna oxşar bir yerdir. Həmin yerin mənə aid olmadığını, səhv gəldiyimi anladım. Amma etiraz etmədim. Masa arxasında əyləşəndə Gülü ofisianta içki sifariş etdi. Ofisiant getdikdən sonra mənimlə yaxınlıq edəcəyini deyib 25 manat pul aldı. Ofisiant tərəfindən Gülüyə və Gültəkinə iki dəfə içki gətirildi. Gülüyə kafedən getməyi təklif etdim. Ofisiant hesabı ödəmək üçün qəbz gətirdi, 153 manat ödəməli olduğumu dedi. Heç bir içki sifariş vermədiyimi bildirdikdə Asiman adlı oğlan cibimdəki pulları masaya qoymağı tələb etdi”.
Təqsirləndirilən şəxs qismində dindirilən İsmayıl Meybalıyev ifadəsində göstərib ki, tanışı Asiman Məmmədovun işlətdiyi bara gələrkən onun kabinetində müştəri olduğunu görüb: "Müştəri pulu ödəyəndən sonra getdi. Bir qdəər keçmiş bara polis əməkdaşları gəldilər. Bizi polis bölməsinə apardıqdan sonra müştərinin 150 manat pulunun zorla alınması barədə şikayət etməsini eşitdim. Hadisə zamanı Muxtar Səfiyevə zor tətbiq edilməyib”.
"Qaçıb canını qurtarmaq istəyən müştərini sürüyüb otağa apardılar”
Təqsirləndirilən Arifə Musayeva ifadəsində İsmayıl Meybalıyevin obyektində işlədiyini, sosial şəbəklərdə tanış olduqları oğlanlarla telefon əlaqəsi saxlayıb onları intim xidmət göstərərcəkləri adıyla aldadaraq kafeyə çağırdıqlarını göstərib: "İsmayıl müştərini kafeyə dəvət edən qıza 20 manat pul verirdi. Bir neçə dəfə İsmayılgilin sosial şəbəklərdə açdıqları saxta profillərlə oğlanlarla danışıb kafeyə dəvət etmişəm. Həmin oğlanlara biq qayda olaraq İsmayıl, Asiman, Rəhim və Rakif tərəfindən hədə-qorxu olunaraq pulları əllərindən alınıb. Son vaxtlar İsmayılgilin yanından ayrılmışdım. Sonuncu dəfə ötən il mayın 11-də "Anadolu” restoranı ilə üzbəüz yerləşən kafeyə gəldim. İçəridən səs-küy səsi gəlirdi. Gültəkin, Jalə, Gülü, Samirə də kafedə idilər. Onlardan nə baş veridyini soruşdum. Dedilər ki, içəridəki müştəri hesabı ödəmək istəmir. Bir qədər keçmiş otaqdan bir nəfər qaçaraq kafedən bayıra qaçmaq istədi. Qaçıb canını qurtarmaq istəyən müştərini İsmayılgil saxlayıb təhqir etdilər və sürüyüb otağa apardılar. Bir az keçdikdən sonra hamısı otaqdan çıxdılar, müştərini də yola saldılar. Daha sonra mənə məlum oldu ki, həmin müştəridən 500 manat pul alıblar. Pulun 150 manatını Rəhim, 350 manatını isə İsmayıl götürüb. Onlar öz aralarında "gərək belə etməzdik, polisə şikayət edəcək” deyərək danışırdılar. Bir qədər keçmiş kafeyə polis əməkdaşları gəldilər və bizi polis bölməsinə apardılar”.
Məhkəmə prosesi iyunun 8-də davam edəcək.
Dəstənin digər üzvləri - İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.