"2016-cı il Formula-1 Avropa Qran-Prisinə səfir kimi qatılmaq mənim üçün çox vacibdir".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda Formula-1 yarışı üzrə ikiqat dünya çempionu, hazırda "McLaren Honda" komandasının heyətində yarışan Fernando Alonso bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
F.Alonso Bakıdakı sürətli yolları sınaqdan keçirdiklərini bildirib: "Biz sürətli yolları sınaqdan keçirdik. Mən bütün pilotların adından çıxış edirəm. Bizim üçün burada sürətli yürüşə çıxmaq böyük məmnuniyyət olacaq".
O deyib ki, bu yarışı canlı hiss etmək çox fərqli bir aləmdir: "Adətən insanlar bu yarışı televiziyadan izləyirlər. Ancaq bu yarışı yaratmaq, onun iştirakçısı olmaq başqa bir hissdir".
Pilot əlavə edib ki, Bakıda yarış üçün müvafiq şərait yaradılıb: "Yolla bərabər gözəl infrastruktur və otellər var. Hesab edirəm ki, əsrarəngiz yarışın şahidi olacaqsınız".
F.Alonso bildirib ki, pilotlar öz avtomobillərini düzgün quraşdırmalıdırlar. Onun sözlərinə görə, pilotlar üçün əsas çağırış döngələri dönən zaman sürəti birdən-birə aşağı endirməklə bağlıdır.
Onun sözlərinə görə, Bakıda yarışda 340 km/saata qədər sürət yığmaq mümkün olacaq.