"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Şamaxıda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması ilə bağlı "FarmHER” layihəsinin icrasını davam etdirir. Layihə "Azercell”in sponsorluğu ilə "Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində həyata keçirilir.
Aktual.az xəbər verir ki, layihə üzrə növbəti təlim "Bazar araşdırması və əlavə dəyər yaradan məhsulların istehsalı” mövzusunu əhatə edib.
Layihə rəhbəri Jalə Quliyeva bildirib ki, kənd yerlərində qadınların sahibkarlıq potensialının artırılması üçün nəzərdə tutulan təlim iştirakçıların bazar tendensiyaları, istehlakçı tələbatı və bu tələblərə cavab verən məhsulların yaradılmasına dair məlumatlılığının artırılması məqsədi daşıyır.
Fermerlər Səadət Səmiyeva, Ceyran Mövlamverdiyeva və başqaları çıxış edərək öz təcrübələrindən danışıb, effektiv bazar araşdırması aparmaq və kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirmək üçün bu kimi təlimlərə ehtiyac duyulduğunu vurğulayıblar.
Beynəlxalq təcrübəli təlimçi ekspert Ağaməhəmməd Alosmanov tərəfindən keçirilən təlim zamanı iştirakçılar bazar trendləri, xam kənd təsərrüfatı məhsullarına dəyər əlavə etmək, məhsulun keyfiyyətini yaxşılaşdırmaq, gəlirliliyi artırmaq və bazara çıxışı genişləndirmək üçün innovativ üsullarla tanış edilib. Sual- cavab sessiyasında təlim iştirakçılarını maraqlandıran mövzularda müzakirələr aparılıb.
Layihə Şamaxı rayonu və kəndlərini əhatə edir. Sonda təlim iştirakçılarına sertifikat veriləcək.
Xəbər 87 dəfə oxunub.